Putin Bəhreyn kralına Aurus hədiyyə etdi

Vladimir Putin Bəhreyn kralı Həməda bin İsa əl-Xəlifəyə Aurus avtomobilinin uzun variantını hədiyyə edib.

Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Biz bütün sahələrdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik, sözün əsl mənasında... Faydalı müzakirə oldu, təəccüblü dərəcədə faydalı oldu”, - Yuri Uşakov (İnterfaks-dan sitat gətirir) bildirib.

Rusiya prezidentinin köməkçisi həmçinin bildirib ki, Vladimir Putin Bəhreyn kralını Ərəb Liqasının sədri kimi BRİKS sammitində iştiraka dəvət edib. Sammit oktyabrın 22-dən 24-dək Kazanda baş tutacaq.

Qeyd edək ki, Moskvada Rusiya prezidenti ilə Bəhreyn kralı arasında danışıqlar baş tutub. Görüşün əvvəlində Həməd bin İsa əl-Xəlifə Vladimir Putindən BMT-nin himayəsi altında Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə sülh konfransının keçirilməsi ideyasını dəstəkləməyi xahiş edib. Tərəflər həmçinin ticarət-iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığı müzakirə ediblər.