Azərbaycan vətəndaşları xarici ölkə səfirliklərinin qarşısında sözün əsl mənasında süründürülür, biabırçı duruma salınır. Bu gün ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, konsulluq idarələrinin qarşısında yaradılan süni sıxlıq günü-gündür çoxalır və daha bərbad hal alır.
Bizimxeber.az bildirir ki, ən böyük problem əsasən Litva, Latviya, Polşa səfirlik və Konsulluqlarında yaradılıb.
Belə ki, sözügedən xarici ölkə səfirliklərin qarşısında növbələr yaranır, insanlar aylardır gözləmə mövqeyindədir...
Əslində nə baş verir...? Addım-addım baş verənlərə nəzər salaq.
Azərbaycan vətəndaşları xarici ölkələrdə işləmək üçün ölkəmizdə fəaliyyət göstərən işədüzəltmə şirkətlərinə müraciət edir. Bakıda fəaliyyət göstərən şirkətlər vətəndaşın xarici pasportunun surətini vətəndaşın işləmək üçün getmək istədiyi ölkədə elan olunan iş vakansiyalarına göndıərir. 2-3 ay sonra sözügedən xarici ölkədə prosesdur qaydalarından keçdikdən sonra vətəndaşa iş dəvətnaməsi göndərilir. Dəvətnamə müqavilələr əsasən 1 il müddətində bağlanır.
Bundan sonra vətəndaş viza müraciəti üçün səfirliyin tələb etdiyi sənədləri toplayır və müraciət üçün hazır olur.
Elə əsl müsibət də bundan sonra başlanır. Belə ki, yuxarıda adlarını qeyd etdiyimiz ölkələrin Azərbaycandakı səfirlikləri viza müraciətləri üçün online növbə sistemi qurub. Bu sistemə görə, vətəndaş səfirliyin təyin etdiyi günlərdə email ünvanlarından müraciət etməlidir. Müraciət müddəti bitdikdən sonra diğər vətəndaşlar əllərində sənəd aylarla gözləməli olurlar. Vətəndaş üçün gələn iş müqaviləsi 1 illikdir və vətəndaş azı 7 ay səfirliyə sənədlərini təqdim edə bilmir. Bu hansı qayda və qanunların tələbidir? Ümumiyyətlə, Azərbaycan XİN-i ilə sözügedən ölkələrin aidiyyatı qurumları nədən bu problemlərə aydınlıq gətirmir? Bu qədər gözləmələrin və süründürmələrin səbəbi nədir? Niyə Azərbaycan vətəndaşı aylara xarici ölkə səfirliyinin qapısında yatmalıdır?
Ümumiyyətlə, bu səfirliklərin işi nədən ibarətdir? Öz ölkəsində aylarla növbə gözləyən Azərbaycan vətəndaşının bu probleminə niyə Xarici İşlər Nazirliyi bir aydınlıq gətimir? Polşa, Latviya, Litva Respublikalarının ölkəmizdəki səfirllərindən niyə nə baş verdiyi ilə bağlı soruşulmur? Əlində iş dəvətnaməsi olan vətəndaşımız nədən səfirliklər qapısında yatmalıdır?
Səfirliklər qarşısında yaranan bu vəziyyət həm də vətəndaşların işbazlar tərəfindən aldanması ilə nəticələnir. İddialara görə, səfirliklərdə işləyən şəxslər bu işbazlarla əlaqəyə girərək rüşvət hesabına növbə və hətta viza təşkil edə bilirlər. Əksər hallarda isə insanlar aldadılır. İddialara görə, viza üçün online növbə götürmənin qiyməti 400 manat, viza almağa "dəstək" üçün qiymət 1000 manatdır. Təbii ki, bu iddiaların rəsmi subutu yoxdur. Amma "od olmayan yerdən tüstü çıxmaz" deyib ata-babalarımız...
Bir daha bildirək ki, yaranmış məlum vəziyyətlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliiyi xarici ölkə səfirliklərinə sorğu göndərməli, əlində rəsmi sənədləri olan Azərbaycan vətəndaşlarının aylarla hansı səbəbdən gözlədilməsinə cavab alınmalıdır. Azərbaycan vətəndaşı öz halal ölkəsində hansısa xarici ölkənin səfirlikləri və ya əməkdaşları tərəfindən qapıağzında gözlədilə bilməz... Buna dövlət izacə verməməlidir...
Qeyd edək ki, bu ölkələrdən fərli olaraq Azərbaycan Asan viza sistemini tətbiq edir və heç bir xarici vətəndaş Azərbaycana gəlmək üçün aylarla gözləmir.