Politico - Ağ Ev Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyindən qorxur

ABŞ administrasiyası Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyinə inanır. 

Bizimxeber.az bildirir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, rəsmilər ani təhlükəyə inanmasalar da, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri və ya uğursuzluqları davam edərsə, Rusiya tərəfinin kimyəvi silahdan istifadə edə biləcəyindən ehtiyat edirlər. 

Politico-nun həmsöhbətinin sözlərinə görə, belə bir hücumda Moskva asan gizlənə bilən kimyəvi maddələrdən istifadə edə bilər. O hesab edir ki, bu, Qərb dövlətləri üçün “məsuliyyəti Rusiya tərəfinə yükləməyi” çətinləşdirə bilər.

“Politico ”nun məlumatına görə, Pentaqon kimyəvi və ya bioloji təhlükə yarandığı halda ordunu prosedurlarla tanış etmək üçün Şərqi Avropaya mütəxəssislərdən ibarət qruplar göndərmək qərarına gəlib. Bundan əlavə, qeyd edilir ki, Vaşinqton Kiyevə milyardlarla dollarlıq yardımın bir hissəsi kimi kimyəvi, bioloji və nüvə müdafiə vasitələri verib.

“Politico” qəzeti NATO ölkələrindən Ukrayna Silahlı Qüvvələri üçün sursat ehtiyatlarının tükənməsi barədə məlumat yayıb. Nəşrin yazdığına görə, alyans ölkələrinin Ukraynaya verdiyi ağır silahlar üçün sursat ehtiyatları “ən dərin anbarlarından çıxarılır”.