Peşə Təhsili üzrə Dövlət Agentliyi tənqid olundu - Ceyhun Kərəmov cavab verməlidir - FOTO

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmovun fəaliyyəti günlərdir sərt şəkildə tənqid olunur. 

Bizimxeber.az xatırladır ki, 2022/2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və  istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşmiş qaydada müsabiqә yolu ilə həyata keçirilməli idi. 

Peşə təhsil müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 19-27 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçib. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ərizələri təsdiq edilən namizədlər 3 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edib.

Qeyd olunurdu ki, namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq, portal vasitəsi ilə elan olunacaq...

Amma... Əmma odur ki, bu gün vəziyyət heç də Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumata yaxın gəlmir və imtahanda iştirak edənlər hələ də nəticə ilə bağlı cavab ala bilmirlər.

Üstəlik, bu gün verilən məlumata görə, peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu bitib. Yəni, qəbul edilənlərin siyahısı məktəblərə göndərilib. Minlərlə nazmizəd isə hələ də portaledu.az-da cavab gözləyir. 

Bu vəziyyət namizədlərin Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmovun fəaliyyətinin sərt şəkildə tənqid olunması ilə nəticələnib. Namizdələr Agentliyin "Facebook" hesabında qurumdan cavab almağa çalışır, baş verənlərə aydınlıq gətirilməsini tələb edirlər. Lakin verilən cavablar insanları qane etmir və prossesin şəffav, elektron aparılmadığı, qustar və köhnə qaydada həyata keçirildiyi açıq şəkildə görünməkdədir.

Bəs əslində nə baş verir? Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov nə etməlidir və ya nə edə bilər? 

Ceyhun Kərəmov ilk olaraq mətbuat qarşısına çıxaraq baş verənlərə aydınlıq gətirməlidir. Daha sonra prossesin şəffav aparılmasını bir rəsmi şəsx olaraq həyata keçirməlidir.

Görünənlər onu deməyə əsas verir ki, aparılan yerləşdirmə əvvəlindən sonuna kimi səhvdir və Agentlik rəhbərliyi imtahanı formal olaraq həyata keçirib. Hətta yüksək bal toplayan namizədlər belə kənarda saxlanılıb.

Ümumiyyətlə, uzun illərdir Peşə Təhsili sahəsində qeyri-şəffav sistem hökm sürür. İstər müəllimlərin yerləşdirilməsi, istərsə də, peşə məktəblərində həyata keçirilən layihələrə ayrılan pulların hansı istiqamətə xərclənməsi və ya yox olması müəmma olaraq qalmaqdadır.

Adi sistemli yerləşdirməni həyata keçirə bilməyən direktor müavini Ceyhun Kərəmov Agentliyin direktoru ola bilərmi?

Ümumiyyətlə, o bu sistemdən nə qədər xəbərdardır?

Daha bir müəmmalı yerləşdirmə və anlaşılmayan hal - Yüksək texniki peşə təhsil səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu prosessindədir. Bu məsələ isə əsl rəzalətdir. İmtahansız, sistemsiz, nəticəsiz, gizli və məxfi yerləşdirmə... Bu məsələ ilə bağlı heç bir məlumat yoxdur. İki nəfər qeydiyyatdan keçmiş namizədə zəng edir, nə soruşacaqlarını bilmirlər, 5-10 dəqiqə mənasız-mənasız danışırlar, vəssalam. Sonra isə heç bir cavab falan gəlmir.

Bir sözlə, ölkənin Peşə Təhsili üzrə Dövlət Agentliyində bir rəzalət hökm sürür. Üstəlik son hadisələr, namizədlərin hələ də sistemsiz yerləşdirilməsi, yüksək bal toplayanların kənarda qalması, prossesin şəffav aparılmaması rüşvət, qohumbazlıq hallarının olmasına açıq suallar yaradır.

Əcəba, Peşə Təhsili üzrə Dövlət Agentliyində işə qəbul üçün rüşvətmi alınır? Bu suala isə mən deyil, aidiyyatı qurumlar aydınlıq gətirməlidir...   

Sosial şəbəkələrdə namizədlərin bildirdiyi narazılıqların bir hissəsini təqdim edirik!