Paşinyandan Rusiyaya "avqustun 1-nə kimi" xəbərdarlığı

"Ermənistan avqustun 1-dən etibarən Zvartnots hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək niyyəti barədə Rusiya tərəfini rəsmən xəbərdar edib".

Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin geri çəkilmə vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.

"Biz yalnız qərar barədə məlumat verdik və xatırladığım qədər 2024-cü il avqustun 1-i göstərdik" deyə o bildirib. 

Bundan əvvəl Paşinyan Rusiya tərəfinə göstərilən köməyə görə minnətdarlığını bildirib və Ermənistanın sərhəd nəzarətini müstəqil həyata keçirməyə hazır olduğunu bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan tərəfinin bu barədə Moskvanı yazılı şəkildə məlumatlandırdığını təsdiqləyib.