Partiya sədri "iPhone 13" alanlardan danışdı: "Bu, yeniliyə meyillənmədir, xəstəlikdir"

"Mobil telefonum ən köhnələrdəndir, çünki telefondan yalnız zəng üçün istifadə edirəm. Oğlum "iPhone" hədiyyə etsə də, istifadə etməmişəm. İstənilən halda, öz cəh-cəlalını başqalarına göstərmək üçün ən yeni model telefonlardan, avtomobillərdən istifadə edənlər var. Heç də hər kəs ən yeni model avtomobili və ya telefonu sırf rahatlığı üçün istifadə etmir. Sadəcə olaraq, bəziləri başqalarından fərqlənmək üçün bu yolu seçib".

Bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, adətən yeni marka telefonların texniki cəhətdən əvvəlkindən fərqlənməsi, geniş funksiyalara malik olması daha çox gənclərin diqqətini cəlb edir: "Belə telefonlarda müxtəlif layihələndirmə və s. funksiyaları icra etmək olur. Ola bilər ki, bu amil də bir sıra vətəndaşların diqqətini cəlb edir. Lakin bununla yanaşı, unutmaq olmaz ki, yenilikdən əziyyət çəkən və yeniliyə meyilli olan insanlar var.

Bu, patoloji dəyişiklikdirə. Belələri ən yeni çıxan geyim, maşın, telefon - hər şeyi əldə etmək istəyirlər. Bu, yeniliyə meyillənmədir, xəstəlikdir. Fərqli insanlar var. Ola bilər ki, kimsə milyardlar qazanır, amma hansısa xeyir işə yaramır, "iPhone 13" alır, digər tərəfdən isə kasıb vətəndaş əlində olan pulla yalnız xeyir işlər görür, misal üçün, "YAŞAT" Fonduna ianə edir.

Bundan başqa isə, həm ianə edən, həm də istədiyi zaman ən yeni modeldə telefon alan vətəndaşlar ola bilər. Yəni, insanların xeyirxahlığını "iPhone 13" növbəsinə əsasən dəyərləndirmək olmaz". /pravda.az/