Rusiya nümayəndələrinin iştirakına icazə verilsə, Litva ATƏT-in Parlament Assambleyasının fevralın sonunda Vyanada keçiriləcək sessiyasını boykot edəcək.
Bizimxeber.az bildirir ki, bunu ATƏT PA-da Litvanın nümayəndə heyətinin rəhbəri Viliya Aleknaite-Abramikiyene deyib.
Onun sözlərinə görə, hazırda Litva tərəfi Avstriya hökumətinin qərarını gözləyir.
“Əgər Rusiya nümayəndə heyətinin iştirakı ilə bağlı mövqe nəzərə alınmasa, bizim sessiyada işləmək imkanımız olmayacaq”, - deyə o bildirib.
Litvalı nümayəndələr hərbi tribunalın skamyasında oturmalı olan insanlarla bir masa arxasında əyləşməyi mümkün hesab etmirlər.
Noyabrda Ukrayna nümayəndə heyəti də ATƏT PA-nın işini boykot etmək niyyətini açıqlayıb . Onun üzvü Yevgeniya Kravçukun sözlərinə görə, Kiyev təşkilat Rusiya nümayəndələrini kənarlaşdırana qədər bu xəttə sadiq qalmaq niyyətindədir.