Ölkədən qaçdığı deyilən polkovnik işdən çıxarıldı

Bir müddət öncə barəsində ölkədən qaçdığı ilə bağlı məlumat yayılan polkovnik Fikrət Ələsgərli işdən çıxarılıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə məlumatı Bakupost.az yayıb. 

O, Dövlət Gömrük Komitəsinin həbs edilən idarə rəisi, general Məsum Rəsulovun müavini olub və DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.

Fikrət Ələsgərli sayta açıqlamasında bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib: “23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək: “İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər”.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla saxlanılan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.

Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərlinin ölkəni tərk etdiyi barədə məlumat yayılmışdı. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi. Lakin F.Ələsgərli iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədilə ayrıldığını bildirmişdi: “Ölkədən qaçmaqdan söhbət gedə bilməz. İyulun 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam”.