Oğuz Rayon İcra Hakimiyyəti Oğuz şəhərində küçələrin əsaslı təmirinə başlayır.
Qaynarinfo xəbər verir ki, icra hakimiyyəti bununla bağlı tenderə yekun vurub. Satınalma müsabiqəsinin qalibi medianın "tender kralı" kimi təqdim etdiyi ATF MMC seçilib.
İcra hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 589 462,69 manatdır.
ATF MMC-nin "tender kralı" adlandırılması təsadüfi deyil. Şirkət bir qayda olaraq yerli icra hakimiyyətlərinin küçə və yolların təmiri ilə elan etdiyi tenderlərin qalibi seçilir. Bəzən şirkət bir neçə tenderin qalibi olur. ATF MMC-nin eyni anda bir neçə rayonda yol təmir etməsi üçün maddi-texniki bazasının yetərli səviyyədə olub-olmaması bəlli deyil. Çünki şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. O cümlədən ATF MMC-nin nə əlaqə telefonları, nə də veb-səhifəsi var.
Bəs iriməbləğli tenderin qalibi seçilən bu şirkət kimə məxsusdur, yaxud ATF-in himayədarı kimdir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
ATF MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların adlarının baş hərflərinin birləşməsidir.
Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub. Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa buraxılıb.
Şirkətin himayədarı kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun adı çəkilir. Mediada şirkət haqqında dərc edilən yazılarada iddia edilir ki, ATF Saleh Məmmədova bağlıdır. Hətta bildirilir ki, yol çəkilişlərinə ATF MMC-yə məxsus texnikalar cəlb edilir.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovdur. O, cari ilin iyulunda bu vəzifəyə təyin edilib.