"Oğlumu qanunsuz saxlayıblar" -İş adamı İlyas Qocamanov

Bu gün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə gedən iş adamı İlyas Qocamanovun oğlu Ayaz Qocamanov saxlanılıb.

Bu barədə Bizimxeber.az-a İlyas Qocamanov özü məlumat verib.

İ.Qocamanov bildirib ki, heç bir rəsmi məsuliyyət daşımayan, ona məxsus olan şirkətin sənədini oğlu Ayaz Qocamanov sözügedən quruma aparıb: "Özüm şəkər xəstəsiyəm. Bir neçə gündür bəzi işlərin arxasınca menecer kimi oğlumu göndərirəm. Bu gün də oğlum şirkətin 3 il əvvəl məhkəmədə udulmuş qərarına xitam verilməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə sənəd aparıb.

Sənədi verəndə ona qarşı cinayət işi qaldırıldığını deyiblər və saxlayıblar. Mən xəbər tutan kimi quruma gəldim və bu şirkətin oğluma deyil, mənə aid olduğunu bildirdim.

Əgər qanuni pozmuşamsa, oğlumu deyil, məni saxlamalıdırlar. Ayazın bu şirkətə yaxından -uzaqdan heç bir rəsmi əlaqəsi yoxdur.

O sadəcə menecerdir, mənim bəzi apar-gətir işlərimi görür. Amma bütün bunlara rəğmən məni deyil, oğlumu saxlayırlar. Hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindəyəm. Şirkətin rəhbəri kimi məsul şəxs mənəm. Saxlayırlarsa məni saxlasınlar".

İlyas Qocamanov deyib ki, qanunların ali olduğu ölkədə bu doğru vəziyyət deyil: "Mən və oğlum həmişə dövlətimizin yanında olmuşuq, əlimizdən gələni əsirgəməmişik. İkinci Qarabağ müharibəsi zamanı ordumuzun, əsgərlərimizin, dövlətimizin, Prezidentimizin yanında olmuşuq və bunu reklam etməmişik. Pandemiya zamanı dövlətə öz dəstəyimizi əsgərməmişik.

İndi bizə qarşı edilənlənləri qəbul etmirəm, bu qanunsuz və əsassız addımdır. 3 il əvvəl məhkəmədə udulmuş qanuni sənədə görə, bu gün cinayət işi açmaq və oğlumu saxlamaq qanunların kobud şəkildə pozulmasıdır".

Qeyd edək ki, nə Vergilər Nazirliyi, nə də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iş adamı İlyas Qocamanovun oğlunu hansı əsasla saxladıqlarını açıqlamır. Qurumların mövqeyini öyrənməyə çalışırıq.

Bizimxeber.az