"O icra başçıları pul qazanmaq, eyş-işrət içində yaşamaq üçün çalışırlar"

“Ölkədəki vəziyyəti gərginləşdirmək istəyənlərlə bir sırada bilərəkdən, yaxud bilməyərəkdən hakimiyyətdə olan bir çox məmurlardır. Bu sırada birincilər cərgəsində yerli icra başçılarıdır.

Onların vəzifəsi yerlərdə vətəndaşların ağır maddi, mənəvi durumlarından çıxmasına köməklik etməyi koordinasiya etməkdir. Bu sırada birinci növbədə Vətən Müharibəsi şəhid ailələri, sağlamlıqlarını itirənlər və iştirakçılardır. Təəssüf hissi ilə qeyd edirəm ki, Vətən Müharibəsində göstərdikləri şücaətlərdən sonra heç problem yaşamamalı olan bu insanlar bir çox hallarda diqqətdən kənarda qalıb problemlər içində boğulurlar”.

Bizimxeber.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Vətən Müharibəsində 3 minə yaxın şəhidimiz olub. Hər rayonda yaşayanları götürsək, bu ortalama heç 50 ailə etmir. Hər İcra hakimiyyətinin ancaq aparatında 50-dən artıq məmur var və əgər hər məmur bir ailəyə can yandırıb diqqətdə saxlasa yaranan problemlər dərhal həll olar.

Qeyd edim ki, onlardan əlavə hər rayonun prokuroru, polis rəisi, məhkəmə sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələri (Hərbi komissarlıq) və onlarla digər  məmurları var. Bu qədər məmuru olan rayonda şəhid ailəsinin, Vətən Müharibəsi veteranının problemi olmamalıdır.

Şəhid ailələrinin, müharibə veteranlarını fəryad etdikləri bəzi epizodlara görə həmin rayonların başçıları vətən xainləri kimi həbs edilməlidirlər. Bunun başqa adı yoxdur! Gördüyüm hadisələr ondan xəbər verir ki, həmin başçılar yerlərdə vətəndaşların problemlərini həll etmək üçün yox, pul qazanmaq, eyş-işrət içində yaşamaq üçün çalışırlar. Bu gün müstəqilliyimizə bu qədər təhdid olan vaxtda bu yanaşma isə ancaq vətənə xəyanətdir!” – A.İsmayılov qeyd edib.