New York Times qəzetinin jurnalistləri 40 ildə ilk dəfə tətilə çıxdı

“The New York Times”ın (NYT) Amerika nəşrinin jurnalistləri bu gün günlük tətil keçiriblər. Belə ki, nəşrin əməkdaşları NYT ilə həmkarlar ittifaqı arasında yeni saziş üzrə danışıqların uzanmasından narazılıqlarını bildiriblər.

"Bizimxeber.az" xarici KİV-lərə istinadən bildirir ki, əvvəlki müqavilə 2021-ci ilin martında başa çatıb. O vaxtdan bəri danışıqların 40-a yaxın mərhələsi keçib və heç bir nəticə olmayıb.

Nəşrin sahibi - The New York Times şirkəti ilə həmkarlar ittifaqı arasında əsas fikir ayrılıqları əmək haqqı, tibbi xidmət və pensiya ödənişləri ilə bağlıdır. Nəşrin əməkdaşları hesab edir ki, şirkətin təkliflərində mövcud iqtisadi vəziyyət və inflyasiya nəzərə alınmayıb.

Tətildə “The New York Times”ın 1,1 min əməkdaşı iştirak edir. Onlar şirkətin ofisi qarşısında etiraz aksiyası keçirməyi də planlaşdırırlar. 

The New York Times Guild-in bəyanatında deyilir: "Sevdiyiniz işdən imtina etmək həmişə çətindir, lakin üzvlərimiz xəbər otağımızı hamı üçün daha yaxşı bir yerə çevirmək üçün əllərindən gələni etmək istəyirlər". 

NYT-nin baş redaktoru Cozef Kahn tətilə görə təəssüfləndiyini bildirib. İşçi heyətinə yazdığı məktubda o, danışıqların çıxılmaz vəziyyətə düşəcəyi təqdirdə təkliflər mübadiləsi və razılaşmaya doğru getməli olduğunu bildirib.

Sonuncu dəfə New York Times 1981-ci ildə tətil etmişdi. Sonra bir gündən az davam etdi. 1978-ci ildən, jurnalistlərin 88 günlük tətilindən sonra qəzetin nəşri dayandırılmayıb.