Nəsimidəki görüşlərdə 600-dən çox sakin iştirak edib - Fotolar

Cari ilin sentyabr ayı ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən rayon ərazisində səyyar qəbullar və yerlərdə görüşlər keçirilib.

Səyyar qəbullar 1 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edib, keçirilən 2 səyyar qəbul və digər ərazilərdə görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 70-ə qədər müraciətlər dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, görüləcək işlər vətəndaşlara geniş izah edilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və zirzəmilərin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, istismar müddəti bitmiş binalarda kommunikasiya xətlərinin, o cümlədən kanalizasiya xətlərinin əsaslı təmirinə ehtiyac olması, iş ilə təmin, ağacların budanması və s. məsələlərlə bağlı olub. Qəbullarda və görüşlərdə, xüsusilə 27 Sentyabr-Anım günü ərəfəsində şəhid ailələrinin nümayəndələrinin, Vətən müharibəsi əlillərinin, qazilərin, veteranların çoxsaylı müraciətləri nəzarətə götürülərək həlli istiqamətində operativ tədbirlər görülüb.

Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilib.