Neftçaladan olan jurnalist rayon sakinlərinə MÜRACİƏT etdi!

Neftçaladakı seçki məntəqələrində yüzbaşı, minbaşı olan neftçalalılar!

Özünüzə heç olmasa bir dəfə hörmət edin, rayonu 50 manat satmayın. 50 manatla nə kişi olmaq olmur, nə də qarın doymur. 

Sadəcə 1 dəfə bu biabırçılığı etməyin. 1 dəfə papağınızı qoyun qabağınıza və nə etdiyinizə kənardan baxın. Əgər Neftçalalısızsa və içinizdə bir az da olsa insanlıq qalıbsa, bunu etməyin. Neftçala sakinlərinin taleyini 50 manata qurban verməyin.

Əziz Neftçalalılar, əzizlərim, doğmalarım! 

Yüzbaşılar, minbaşılar sizi gözünüz görə-görə aldadır. Bu adamlar sizin qohumunuz, dostunuzdur, amma 50 manat qazanmaq üçün sizin övladınızın, ailə üzvlərinizin gələcək taleyi, həyatı ilə qumar oynayır.

Bu adamlar sizin haqqınızı oğurlamağa gələn hansısa namizədin dəyirmanına su tökür və bunu etmək üçün sizi aldadır, sizi dəli, savadsız hesab edir. 
50 manatın qurbanına çevirilirsiz! 

Sizə "gedək filankəsə səs ver, mən də 50 manat qazanım" deyən adam qardaşın, atan, anan da olsa bunu etmə.

Topa ilə bülleten atma!
Anasansa haqsızlığa göz yumma!
Saxtalaşdırmada iştirak etmə!

Müəllimsənsə saxtalaşdırmaya razı olma!



Nənəsənsə nəvələrinin gələcəyini məhv etmə!



Babasansa adını, şərəfini satma!


Çünki, azad, müstəqil, istədiyinə səs vermək sənin haqqındır. 

Belə yüzbaşıları, minbaşıları birmənalı olaraq rədd edin, qovun, onlara inanmayın.

Seçkiyə gedib müstəqil səs verin. Elə namizədə səs verin ki, o sizdən olsun. Ən azından neftçalalı olsun və sabah lazım olanda özünü də tapa bilməsəniz qardaşını, atasını, anasını və ya hansısa qohumunu tapıb sözünüzü, dərdinizi deyə biləcəksiniz. 

Dostlar, həmyerlilər, doğmalar!

1 sentyabr Parlament Seçkiləri günüdür. 

MÜTLƏQ SƏS VERMƏYƏ GEDİN VƏ ÖZ NAMİZƏDİNİZƏ SƏS VERİN! 
BİR DƏFƏ BİR OLUN, BİR DƏFƏ ÖZÜNÜZDƏN OLANA SƏS VERİN!

Bizimxeber.az portalının
baş redaktoru Ədil Hüeseynov