Neftçalada Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu

Neftçala rayonunun Aşağı Surra kəndində Vətən müharibəsi şəhidi leytenant Orucov Xalid Saleh oğlunun 26-cı doğum günü qeyd olunub.

Bizimxeber.az bildirir ki, tədbirdə rayon rəhbərliyi, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, din xadimləri və qazilər iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə  çıxış edən şəhid Xalid Orucovun atası Saleh Orucov, Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, şəhid Səbuhi Səmədovun anası Əsli Səmədova və digərləri  Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində iştirak edən şəhid Xalid Orucovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xalid Orucov Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Şəhid Orucov Xalid Saleh oğlu 7 avqust 1996-cı ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 12-də Neftçala rayon Aşağı Surra kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə Xalid Orucov ölümündən sonra təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir məktəblilərin hazırladıqları müxtəlif kompozisiyalar ilə davam edib və şəhidin adına verilən ehsan süfrəsində iştirak olunub.