51 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürmüş İlkin Nuraliyev Şirvan sakinlərinə müraciət edib.
Bizimxəbər.az müraciətin mətnini təqdim edir:
“Əziz Şirvanlılar!
Sizlərə bu müraciəti yazmağa məni bugünkü çoxsaylı zənglər, müraciətlər vadar etdi.
Müraciət edən təhsil işçilərinin əksəriyyəti bu gün Şirvan Olimpiya Kompleksinə məcburi şəkildə gəldiklərini söylədilər. “Əgər buna etiraz edib, işıqlandıra bilmirsənsə, sabah millət vəkili olduqda hansı səsimiz olacaqsan deyə söz verirsən” deyən ağbirçək müəllimə və seçicilərimə cavabım belədir.
Biz hüquqi-demokratik bir dövlətdə yaşayırıq. Siz - gələcəyimiz olan müəllimlər əgər öz hüquqlarınızı bilmirsinizsə, bunun günahkarı mən deyiləm.
Şirvan kimi şəhərlərdə seçki kampaniyası aparmaq çox rahat və asandır. Çünki belə şəhərlərdə demək olar ki, hər kəs bir-birini tanıyır. Əgər bu gün hər hansı kənardan gələn (Heydər Əsədov), Şirvana deputat olmaq istəyən insan özü gözəl bilir ki, bu şəhər sakinlərinin 80-90 faizi onu qəbul etmir. Şirvanın ən zəif seçici kontingenti olan namizədin belə ondan daha çox səs toplayacağına şübhəniz olmasın. (O bunu bir-iki şəhid ailəsi istisna olmaqla, şəhid ailələrinin əksəriyyətinin görüşünə gəlmədiyində anlamalı idi.) Və bundan dolayı onlar bu və ya digər formada güç, pul, təzyiq metodlarından istifadə edərək sanki cəmiyyət bunu qəbul edirmiş kimi yuxarı instansiyalara görüntü verirlər.
Bu yaxınlarda beynəlxalq müşahidəçilərlə görüşüm oldu. Görüş əsnasında onlara 2024-cü ilin fevralında prezident seçkilərinin demokratik keçdiyini və bu seçkilərdə istər sənəd qəbulu, istərsə də təbliğat-təşviqat kampaniyasının gözəl təşkil olunduğunu dedim.
Mənim bu seçki təbliğatında bütün Şirvan sakinlərinə son müraciətim odur ki, gəlin içimizdən olan bu saxta insanları ifşa edək, demokratik seçkiyə nail olaq.
Bunun üçün hər kəs bir nəfər kimi seçkilərdə iştirak etməli və özü müşahidəçi olmalıdır”.