MİDA-nın 13 milyonluq tenderini bu şirkət uddu

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi tender müsabiqəsinin qalibi “HN Construction” Qapalı Səhmdar Cəmiyyəti olub.

Bizimxeber.az bildirir ki, MİDA Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar “HN Construction” QSC-yə 13 milyon 637 min 770 manat ödəyəcək.

Belə ki, şirkət həmin ərazidə 2, 3, 10 və 11 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, 2010 manat nizamnamə kapitalı olan “HN Construction” QSC-nin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur. Şirkət 13 noyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb. /Yeniavaz/