Məşhur brend ucuz smartfon təqdim etdi

"Xiaomi" şirkəti Hindistanda "Deadpool & Wolverine" filminin premyerasına həsr olunmuş "Poco F6 Deadpool & Wolverine Limited Edition" smartfonunun məhdud versiyasını təqdim edib.

Bizimxeber.az "Gizbot" portalına istinadən xəbər verir ki, smartfon texniki xüsusiyyətlərinə görə standart "Poco F6" modelindən fərqlənmir, lakin unikal dizaynı ilə seçilir. Cihaz qırmızı rəngdə filmin əsas personajlarının - antiqəhrəman "Deadpool" və mutant "Wolverine"in üçölçülü təsviri ilə hazırlanıb.

Məhdud buraxılış "Deadpool" yazısı ilə enerji təchizatı bloku və üzərində "Deadpool" loqosu olan SİM-kart çıxarma iynə kimi müxtəlif eksklüziv aksessuarlardan ibarət tematik qutuda təqdim olunur.

Digər xüsusiyyətlərinə gəldikdə isə, bu, 1,5K təsvir ölçülü 6,67 düymlük "AMOLED" ekran, 120 Hz yeniləmə tezliyi və 2400 nit işıqlanma ilə təchiz edilmiş həmin "Poco F6"dır. Cihazın performansına görə "Snapdragon 8s Gen 3" subflaqman çipi cavabdehdir.

"Poco F6 Deadpool & Wolverine Limited Edition" avqustun 7-də Hindistanda satışa çıxarılacaq. 12 GB RAM və 256 GB daxili yaddaşa malik yeganə modifikasiyada olan qadcetin qiyməti 30 min rupidir (609 manat).