"Mən bilmirdim ki, Agentlik Mustafa Abbasbəylinin şəxsi idarəsidir" - Online qəbulda nələr oldu?

"Mustafa müəllimə sual verdim Sizə 2 inək və ya 240 manat versələr 5 nəfər ailə üzvü dolana bilərsiz? Mənim bu sualima cavab vermədi" 

Siyəzən şəhəri, Şamil Baxşıyev küçəsi ev 2 ünvanında yaşayan  Məmmədova Rüxsarə Camaləddin qızı Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Vətəndaş ölkə başçısına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində məmur özbaşnalıqlarının (vəzifədən sui-istifadə, vəzifə həddini aşma) bəzi məqamları çatdırıb. 

R.Məmmədovanın müraciətini olduğu kimi dərc edirik!

"Mən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 10 saylı Ərazi Məşğulluq filialında Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis işləyirdim.

12.08.2021-ci il tarixində heç bir səbəb göstərmədən, xəbərdarlıq etmədən məni işdən azad ediblər. Mən bu məsələ ilə bağlı 16.08.2021-ci il tarixində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə teleqram vurdum ki, məni qəbul etsin. 

Düz 3 aydan sonra, 18.11.2021-ci il tarixində məni İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyi onlayn qəbul etdi. Qəbul zamanı Mustafa müəllimə 3 aydır qəbuluna düşə bilmədiyimi dedim. Sədr də mənə kinayə ilə mətbuata müraciət etməmişdən qabaq mənə müraciət edəydin. Mən də cavab verdim ki, işimə xitam verilən kimi heç bir qruma müraciət etmədən birinci 16.08.2021-ci il tarixində Sizə teleqram vurmuşam ki, məni qəbul edəsiniz.

Ondan sonra 20.08.2021-ci il tarixində bir çox qrumlara müraciət etmişəm. Şikayətlərimə baxılmadığı üçün 06.09.2021-ci il tarixində mətbuata müraciət etmişəm.

Mətbuata müraciətimdən 1 gün sonra 08.09.2021-ci il tarixində məni onlayn formada Agentliyin İdarə Heyyətinin sədr müavini Nihad Muxtarlı qəbul edib. Mən Nihad müəllimə sual verdim ki, məni kim nə səbəbə işdən azad edib? Ramal müəllimlə Nihad müəllim dedilər ki, siz Nazirliyin Daxili nəzarət və audit şöbəsinin qərarı əsasında işdən azad edilmisiniz.

Səbəb kimi qardaşım Məmmədov Mahmud Camaləddin oğlunun özünüməşğulluq proqramına qoşulmağı (2 baş xəstə inək verilib) olub. Onlara sual verdim ki, hansı qanunda yazılıb ki, Filialda işləyənlərin qohumları (əgər işsiz, gəlir yeri yoxdusa) özünüməşğulluq proqramına cəlb olunmasın.

Filialda 5 ildi işləyirdim, amma qardaşım neçə illərdi ali təhsilli həyat yoldaşı, özü üçün Məşğulluğa işlə bağlı müraciət edirdi. Onlara uyğun vakansıya olmadığı üçün özünüməşğulluq təklif olunub. O zaman mən başqa şöbədə işləyirdim.

Qardaşıma bunu deyəndə o çox hirsləndi dedi ki, mənə onların inəkləri lazım deyıl, gəlib təhvil alsınlar və həyat yoldaşımı, məni işlə təmin etsinlər. O, da bu məsələ ilə bağlı bir neçə qruma və mətbuata 21.09.2021-ci il tarixində müraciət etdi. Qardaşımın müraciətindən 1 gün sonra 23.09.2021-ci il tarixində məni 2-ci dəfə onlayn Nihad Muxtarlı qəbul etdi. Nədəndisə mətbuata müraciət edəndən sonra Agentlik məni qəbul edir. Mustafa müəllim də dedi ki, işdən çıxmağıma səbəb qardaşım Məmmədov Mahmud Camaləddin oğlunun özünüməşğulluq proqramına qoşulmağı olub.

Qardaşım Məmmədov Ədalət Camaləddin oğlu isə 6 ildir ki, “Azəriqaz” İB-nin Xaçmaz RQİİ Siyəzən xidmət sahəsində VÖEN-lə fəhlə kimi işləyirdi. Bu il Nazirlikdən orda işləyən 38 nəfərin siyahısı gəldi ki, bu vətəndaşları “DOST iş Mərkəzi” MMC ilə müqaviləsi bağlansın və göndərişləri verilsin. Həmin siyahıda qardaşım Məmmədov Ədalətin də adı var idi.

İndi Mustafa müəllim deyir ki, sənin bir qardaşın Dost iş Mərkəzində işləyir, biridə özünüməşğulluq alıb. Məndə Mustafa müəllimə sual verdim ki, əgər hansısa bir müəssisə “Dost iş Mərkəzi” MMC ilə müqavilə bağlayırsa o mənim günahımdır?

Dedim ki, siz ya qanunları bilmirsiz ya da Prezidentimizin qoyduğu qanunlara əməl etmirsiz. Hansı qanunda yazılıb ki, Məşğulluqda işləyənin qohumları “Dost iş Mərkəzi” MMC-də işləyə, özünüməşğulluq proqramına qoşula bilməz.

Mahmud qardaşımın 2 övladı var, neçə illərdiki özü, həyat yoldaşı işsiz kimi Məşğulluqda qeydiyyatdadır. Ədalət qardaşımın 3 övladı var, həyat yoldaşı işləmir ozüdə 240 manat pul alır.

Mən Məşğulluqda işlədiyim üçün mənim qardaşlarım acından ölməlidir, Məşğulluğa müraciət etməməlidi?

Mustafa müəllimə sual verdim Sizə 2 inək və ya 240 manat versələr 5 nəfər ailə üzvü dolana bilərsiz? Mənim bu sualima cavab vermədi.

Lakin qəbulun sonunda qərəzli olaraq Mustafa müəllim mənə dedi ki, siz 24 il təcrübəniz olduğunu, qanunları bildiyinizi deyirsiz, amma qanunları bilmirsiz. Biz məcbur deyilik sizinlə işləməyə publik hüquqi şəxsik, müqavilən bitib Sizinlə işləmək istəmirik.

Mən bilmirdim ki, Agentlik Mustafa Abbasbəylinin şəxsi idarəsidir, kiminlə işləmək istəyir saxlayır, kiminlə işləmək istəmir işdən azad edir. 3 aydan sonra bildim ki, işdən nə səbəbə görə çıxmışam. 

Mənim qardaşlarımı araşdırırlar harda nə işləyirlər yaxşı ki, fəhlə işləyirlər. Bəs niyə araşdırmırlar hansı müdir gəlir öz tanışlarını, qohumlarını işə qəbul edir, kimin vəzifədə adamı, pulu var onu işə qəbul edirlər.Məndə Baş prokrorluqdan xahiş edirəm araşdırsınlar görüm sədrin, müdirin qohumları harda işləyir. 

Ailədə tək işləyən mən idim. Ali təhsilli həyat yoldaşım iş olmadlğına görə heç bir yerdə işləmir. Himayəmdə 73 yaşlı pensiyaçı xəstə qaynanam var. Onun pensiyası dərmanlarına çatmır. Bu ağır zamanda işıq, qaz, su pulu qalxıb və hər şey bahalaşıb. Məni işdən azad edən məmurlara belə bir sual verərdim: Sizin evinizdə heç kim işləməsə nə edərdiz, nə ilə dolanardız? Mən və həyat yoldaşım Universitetdə ali təhsil almışıq, amma hal-hazırda ikimizdə işsiz qalmışıq.

Hörmətli cənab Prezident, Mehriban xanım mən müəllim ailəsində böyümüşəm atam 45 il müəllim işləyib, hər zamanda bizə haramdan, rüşvətdən uzaq olmağı, düzgün işləməyi tərbiyə edib. Amma indi görürəm ki, düz işləyənləri, işi bacaranları işdən azad edirlər, iş təcrübəsi olmayan öz tanışlarını işə qəbul edirlər. Bu məmur özbaşnalığı deyil?

Yuxarıda şərh olunanları və AR Konstitusiyasının 57 maddəsinə əsasən Sizdən xahiş edirəm bu şikayətimi nəzarətə götürəsiniz.

Ali təhsilli olmağımı, ailədə çalışan olmadığını, məni işdən əsassız, qanunsuz azad olunmağımı nəzərə alıb, məni öz işimə bərpa olunmağım istiqamətində köməklik göstərməklə, bu barədə qəti göstəriş verəsiniz.

İnanıb ümid edirəm ki, mənə qarşı edilmiş bu haqsızlara, ədalətsizliklərə son qoyulacaq. Əgər bir nəfər haqsızlığa məruz qalırsa, əsassız, qanunsuz, heç bir səbəb olmadan işsiz qalırsa, vəzifədən sui-istifadə edənlərin, vəzifə həddini aşanların qurbanına çevrilirsə o, bu haqsızlığı kimə deməlidir ki, haqq, ədalət bərqarar olsun.
Hörmətli cənab Prezident, Mehriban xanım biz hər zaman Sizə inanıb güvənmişik. 

Biz fəxr edirik ki, Sizin kimi xalqını sevən, hər zaman arxasında dayanan, onun sevincinə də, kədərinə də şərik olan dövlət başçımız, Prezidentimiz var. Mən yenə inanıram ki, Siz tez bir zamanda mənə öz işimə qayıtmaqda köməklik göstərəcəksiniz.

Bizimxeber.az