Məhkəmə Trampa cəza kəsdi - ABŞ tarixində bir ilk

Nyu-Yorkun hakimi Xuan Merçan ABŞ-ın seçilmiş prezidentini Donald Trampı porno aktrisa Stormi Danielsə susqunluq pulu ödədiyinə görə cəzalandırıb.

Bizimxeber.az "Sky News"a istinadən bildirir ki, 2024-cü ilin yayında münsiflər heyəti tərəfindən “porno pul” işi üzrə bütün 34 ittiham üzrə günahkar bilinən Tramp, sözdə qeyd-şərtsiz azadlığa məhkum edilib. Bu cəza növü o deməkdir ki, Tramp həbs, sınaq müddəti və ya cərimə cəzasına məhkum edilməyib.

Eyni zamanda, onun rəsmi cinayət stajı olacaq, beləliklə, ABŞ-ın 47-ci prezidenti ölkə tarixində cinayət törətməkdə təqsirli bilinən ilk prezident olacaq.

Hökmün elanı zamanı Merçan izah edib ki, prezident ofisi tərəfindən Donald Trampa verilən toxunulmazlıq üstün olan amildir.

Tramp özü də görüşdə videobağlantı vasitəsilə iştirak edib və çıxışında məhkəmə prosesini “cadugər ovu” kimi tənqid edib və bunu həyatının “ən pis təcrübəsi” adlandırıb.

Xatırladaq ki, “porno pul” işində Tramp  porno ulduz Stormi Danielsə 2016-cı il ABŞ seçkiləri öncəsi cinsi əlaqə ilə bağlı susması müqabilində ona 130 min dollar ödədiyini gizlətmək üçün biznes sənədlərini saxtalaşdırmaqda ittiham olunaraq təqsirli bilinib. 

Trampın hökmü əvvəlcə ötən il iyulun 11-nə təyin edilmişdi və o vaxtdan bəri bir neçə dəfə təxirə salınıb.