Fransa prezidenti Emmanuel Makronun Parisdə çağırdığı Avropa liderlərinin fövqəladə sammiti başlamazdan əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığı olduğu iddia edilib.
Bizimxeber.az bildirir ki, bu barədə “Le Figaro” nəşri yazıb.
Nəşrin məlumatına görə, Makron Parisdə fövqəladə sammitdə iştirak edən liderlərlə görüşməzdən əvvəl Donald Trampla telefon danışığı aparıb. Eyni zamanda, nə Yelisey Sarayı, nə də Ağ Ev hələlik bu məsələ ilə bağlı açıqlama yaymayıb.
Son məlumata görə, görüşdə Makronun özündən başqa, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Maloni, Polşanın baş naziri Donald Tusk, İspaniyanın baş naziri Pedro Sançes, Hollandiyanın baş naziri Dik Şof, Danimarka baş naziri Mette Frederiksen də iştirak edəcək.
NATO-nun baş katibi Mark Rutte və iki yüksək səviyyəli Aİ rəsmisi - Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də dəvətlidir.
Xatırladaq ki, Makron ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar masasında yer olmayacağını bildirərək Avropanı təəccübləndirdikdən sonra fövqəladə sammitin təşəbbüskarı olub.