“MADO Azərbaycan-da Sezar salatı sifariş versəniz ehtiyatlı olun. İçindən sellofan, əlcək, paltar – hər şey çıxa bilər. Ölkəmizdə COP29 tədbiri keçirildiyi bir vaxtda Mado Azərbaycan müştərilərə sözün əsl mənasında plastik yedirir”.
Müştəri Fərid Rüstəmzadə bu qeydi paylaşıb. Onun sözlərinə görə, Gənclik Mall’da yerləşən Mado restoranında yemək üçün əyləşiblər: “Gətirdikləri sezar salatında bıçaqla bölməyə çalışdığımız qidanın mayonezli kələm yox, böyük bir sellofan olduğunu gördük (salatın içinə peşəkarca qarışdırılmışdı). Yeməkdən tük çıxmağını başa düşərəm, amma daha “çanta” çıxmasın da…
Restoran rəhbərliyi isə yeməyi geri götürdü, quru bir üzr istədi, hələ utanmadan digər sifarişlərin hesabını da ödətdilər”.
Müştəri bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, müəssisələrdə yoxlanışlar həyata keçirməlidir: “Bu cür böyük restoranlar şəbəkəsi müştərilərə necə plastik yedirə bilir?”.