lX sinif imtahanında150-dən çox bal toplayan şagirdləri məktəbdən qovurlar

"Övladım bu il 10-cu sinfə keçir. Sumqayıt şəhəri 27 saylı məktəbdə 9-cu sinif buraxılış imtahanında 150 baldan çox nəticə göstərən şagirdləri qovurlar. Bu, nə dərəcədə düzgündür?"

Belə bir şikayət valideyn tərəfindən Oxu.Az-ın elektron ünvanına daxil olub.

Məsələni aydınlaşdırmaq üçün Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirilib ki, 9-cu sinifdə 150 baldan yüksək nəticə göstərən şagirdlərin təhsil müəssisəsindən qovulması iddiası həqiqəti əks etdirmir.

"Belə ki, 2024/2025-ci tədris ilində bir sıra məktəblər təmayül tədris planları əsasında tam orta təhsil səviyyəsi üzrə (X-XI siniflər) təşkil edilir və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər cəlb edilirlər.

Sumqayıt şəhər 27 saylı məktəbdə təmayül sinif yaradılmadığına görə 9-cu sinif buraxılış imtahanlarında 150-dən yuxarı bal toplayan şagirdlər üçün valideynlərin razılığı ilə yaxınlıqda yerləşən tam orta təhsil layihəsi üzrə fəaliyyət göstərən 37 nömrəli tam orta məktəbə yerdəyişmə edilməsi təklif olunub. Bununla bağlı öncədən müvafiq qaydada valideynlərlə görüşlər keçirilib, maarifləndirmə işləri aparılıb. Bildiririk ki, 150 baldan yüksək nəticə toplayan 39 şagirdin hamısı yaxınlıqdakı 37 nömrəli məktəbə yerləşdirilib", - deyə məlumatda bildirilir.