Fransanın nüfuzlu "Le Monde" qəzetinin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsini güclü vəziyyətə gətirməklə Rusiya prezidenti Vladimir Putini sülh danışıqlarına məcbur etməyə çalışır.
Bizimxeber.az bildirir ki, sentyabrın 25-də Zelenski BMT-də çıxış edərək yeni hərbi səylər planını təqdim edəcək və ertəsi gün ABŞ prezidenti Co Baydenə Ukraynanın qələbəsi planını açıqlayacaq.
Plan, Qərb müttəfiqlərinin dəstəyi ilə Ukraynanı gücləndirərək Putini ədalətli şərtlərlə danışıqlar masasına gətirməyi hədəfləyir.
Le Monde yazır ki, müharibənin davam etdiyi şəraitdə, Ukrayna və Rusiya arasında sülh danışıqlarının başlanması çətin olaraq qalır.
Ukraynanın Qərb müttəfiqləri arasında da müharibənin necə başa çatdırılmasına dair fərqli mövqelər var. Bəzi Avropa liderləri danışıqların qaçılmaz olduğunu hesab edir, çünki Ukraynanın hərbi resursları tükənməkdədir.