Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.
Bizimxeber.az “Belta”ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
Baş katib qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müntəzəm danışıqlar aparılır və bu yaxınlarda Avropada növbəti raund baş tutub: "Həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır. Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Bundan sonra ölkələr sərhədin delimitasiyasına başlayacaqlar", - Tasmaqambetov əlavə edib.
Xatırladaq ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.