Konqresin Nümayəndələr Palatası Gürcüstana Dəstək Aktını təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası iki ölkə arasında tərəfdaşlığı dərinləşdirməyə çalışan Gürcüstana Dəstək Aktını təsdiqləyib.

Bizimxeber.az bildirir ki, bu barədə "civil.ge" məlumat yayıb. 

2021-ci ilin fevralında təqdim edilən iki partiyalı layihənin lehinə 406 deputat səs verib.

Qanun layihəsində qeyd olunur ki, ABŞ prezidenti Gürcüstanın işğal olunmuş ərazilərində ciddi insan haqları pozuntularında iştirak edənlərə qarşı şəxsi sanksiyalar tətbiq etməli və bu barədə hər 180 gündən bir Konqresə məlumat verilməlidir.

Dövlət Departamenti həmçinin Konqresə Gürcüstanla bağlı müxtəlif məsələlər, o cümlədən təhlükəsizliklə bağlı yardım, onun müstəqilliyinə və müdafiə qabiliyyətinə qarşı mövcud təhdidlər, ABŞ-Gürcüstan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və Gürcüstanın Rusiyanın dezinformasiyasına qarşı mübarizə imkanlarının gücləndirilməsinə dəstək kimi məruzə etməli olacaq.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib ki, bu, iki ölkə arasında strateji tərəfdaşlığın sübutudur.

Layihə hələ ABŞ Senatı və Prezidenti tərəfindən nəzərdən keçirilməyib.