Konqres Trampın qələbəsini rəsmən təsdiqlədi

ABŞ Konqresi prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsini rəsmən təsdiqləyib.

Bizimxeber.az bildirir ki, Trampın Konqresdəki qələbəsini hazırkı vitse-prezident kimi Senatın rəhbəri olan Demokrat Partiyasının nümayəndəsi Kamala Harris elan edib. 

Beləliklə, Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti olacaq. Noyabrın 5-də keçirilən seçkilərin nəticələrinə görə, o, tələb olunan 270 seçici səsindən 312-ni və 77,3 milyon ümumxalq səsini toplayıb. 

Qeyd edək ki, noyabrın sonunda ABŞ-ın hazırkı prezidenti Co Bayden və Tramp hakimiyyətin ötürülməsi prosesinə rəsmi start verən memorandum imzalayıblar . Buraya büdcə vəsaitləri, dövlət qurumlarına giriş və hazırkı məmurlarla brifinqlər keçirmək imkanı daxildir.

Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts noyabrın 25-də deyib ki, Bayden və həyat yoldaşı Cil Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır.