Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
Vəkil Zibeydə Sadıqova Turana deyib ki, məhkəmənin diqqətinə Natiq Cavadlının himayəsində yaşlı xəstə anasının, üç övladının olduğunu, daimi yaşayış yerinin olduğunu, polislərin onun yaşadığı evi çox yaxşı tanıdığını və istintaqın çağırışlarına gələcəyini çatdırıb.
“Amma məhkəmə şikayətimizi təmin etmədi. Bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”, o qeyd edib.
Məhkəmə iclasında Natiq Cavadlının özü də iştirak edib.
“Natiq bildirdi ki, onun həbs edilməsi çox gülməlidir. Dedi ki, neçə illərdir jurnalistdir, hamı onun yaxşı tanıyır. Natiq hakimin diqqətinə çatdırdı ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin vatsap qrupunda olub, onunla hər gün əlaqə saxlayıb, müsahibələr alıb. O həm də dedi ki, polisin ona qarşı hazırladığı ittiham başa düşülmür. İttiham bir səhifədir və cəmi bir cümlədən ibarətdir. Cümlənin başı ilə ayağı bir-birinə uyğun gəlmir, mənası da başa düşülmür. Bu Azərbaycan dilinə hörmətsizlikdir. Natiq həmçinin bildirdi ki, Asif ATA-nın “Kasıblıqdan utanma, halallıqdan usanma” məşhur sözünü özü üçün həyat şüarı seçib”, vəkil jurnalistə istinadən qeyd edib.
Yanvarın 17-də Xətai Rayon Məhkəməsi Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.