İş adamı Prezidentə müraciət etdi - "Gömrükdə bizi bezdirirlər!"

Ötən həftə Bakı Baş Gömrük İdarəsinin qarşısında etiraz videosu çəkərək yayan iş adamı, "Global-Techizat 2022" Məhdud Məsuliyyətli Cəmiyyətin səlahiyyətli nümayəndəsi Ayaz Qocamanovun problemi ilə bağlı məlumat vermişdik. 

İş adam bildirirdi ki, BBGİ-nin rəisi Pərviz Kəngərli, aidiyyatı şəxslər onun hüquqlarını və qanunun tələblərini pozur, rəsmi müraciətinə rəsmi deyil, şifahi olaraq rədd cavabı verir.

Bütün bunlara baxmayaraq, elə həmin gün axşam saatlarında iş adamı yaydığı növbəti videogörüntülərdən aydın oldu ki, onun şirkətinə məxsus yükü gətirən maşın Xocəsən Gömrük Terminalına giriş etsə də, 45 dəqiqədən sonra çölə çıxaırılıb. O, baş verənlərin kimlərinsə sifarişi ilə edildiyini bildirirdi. 

Bizimxeber.az olaraq yayılan videogörüntülərə, narazılığın və iddiaların nədən ibarət olduğunu aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsindən heç bir açıqlama almaq mümkün olmadı. 

Sözügedən qurumların rəsmiləri, mətbuat xidməti nədənsə baş verənlərə aydınlıq gətirməkdə maraqlı olmadılar. İş adamı video paylaşır, ona qarşı bilərəkdən süni əngəl yaradıldığı iddia edir, amma rəsmi qurumlar buna cavab vermək istəmir.

Bu gün isə Bizimxeber.az-a açıqlama verən iş adamı Ayaz Qocamanov bildirib ki, onlara qarşı gömrükdə, Pərviz Bakı Baş Gömrük İdarəsində açıq-aşkar qanunsuz hərəkətlər hökm sürür və bu planlaşdırılmış bir addımdır: "Uzun çək-çevirdən, qanuni mübarizədən sonra yük maşını terminala alındı və baxış keçirildi. Bütün rəsmi ödəmələri etdim, sənədlərin qanuniliyi yoxlandı. Bütün sənədlər qanunidir, qaydasında idi. Müxtəlif bəhanələrlə yenə də yükü buraxmaq istəmirdilər. 

Sözün həqiqi mənasında bezdirici hərəkətlər edirlər. Heç bir problem olmadığı halda, sadəcə bezdirirlər və yükü saxlayırlar. Bu isə biz sahibkarlara əlavə xərclər yaradır. Yükü gətirən maşına əlavə ödəmə edilir, yük üçün əlavə maşın tutulur və sairə. Nəhayət 5 gündən sonra heç bir bəhanələri qalmadığı üçün, min bir əziyyət verdikdən sonra yükü ala bildik. Əslində bunun səbəbləri bəllidir. İşlənmiş ehtiyyat hissələri sahəsi hansısa generalın, məmurun və ya kiminsə monopoliyasındadır. Monopolistlər də başqa bir iş adamının bu sahəyə girişini məhdudlaşdırır. 

Hesab edirəm ki, bizim başımıza gətirilən bu oyunları kimlərsə, daha doğrusu, bazara işlənmiş ehtiyyat hissələri gətirən şəxslər, onları nəzarətlərində saxlayan, şəriki olan məmurlar, generallar idarə edir. 

Amma burdan hər kəsə səslənirəm, mən vergilərini vaxtında ödəyən, işçi saxlayan, DSMF və diğər ödəmələrini edən rəsmi iş adamıyam. Ölkəyə qanunla qadağan olunmayan bütün məhsulların idxalını, ixracını edə bilərəm. Bu süründürməçiliklə mənim kimi iş adamlarını bezdirə bilmərsiz. Bündan sonra da monopoliyada olan məhsulların ölkəyə gətirilməsi və bazarda müəyyən ucuzluğun yaradılmasına nail olmağa çalışacam. Süni qiymət artımı məhz bu şəxslərin əməlləri sayəsində yaradılır.

İş adamı mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. 

"Gömrükdə bizə qarşı süni əngəllər yaradılır, bizi bezdirməyə çalışırlar. Sizdən xahiş edirəm, yaradılan süni əngəllərə, süründürməçiliyə son qoyulmasına kömək edin. Süni qiymət artımının bir başa səbəbi monopoliyadır və monopolistlərdir, gömrük generallarıdır, onların işçiləridir və rəhbərlikdir.

Həmçinin Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevə, Bakı Baş Gömrük İdarəsinin rəhbəri Pərviz Kəngərliyə səslənirəm. Bizə qarşı ikili münasibətə, saxta əngəllərə, bezdirici hərəkətlərə son qoyun. Azərbaycan dövlətinin büdcəsinin formalaşmasında, güclənməsində iş adamlarının rolu böyükdür. Mən hər il milyon manatlarla idxal rüsumu və ƏDV ödəyirəm. Bu kimi bezdirici əməllərə son qoyun. Ölkədə süni qiymət artımını yaradan monopolistlərə yaşıl işıq yandırmayın".