İranın Livandakı diplomatik missiyası partlayışda xəsarət alan səfir Müctəba Əmaninin vəziyyəti barədə açıqlama verərək mediada yayılan xəbərlərə inanmamağa çağırıb. Beyrutdakı səfirlik bu barədə "X" hesabında paylaşım edib.
Bildirilib ki, İran səfirinin müalicəsi uğurla davam etdirilir. "Onun sağlıq durumunun pis olması və ya görmə qabiliyyətini itirməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil", - deyə səfirlikdən vurğulanıb.
İranın Livandakı səfiri Müctəba Əmaninin şəxsi peycerinin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ciddi xəsarət alıb. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Nyu York Tayms" qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə istinadla xəbər verib.
Bildirilir ki, Əmaninin xəsarətləri əvvəl deyilənlərdən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq. Qəzet bildirir ki, sosial mediada yayılan videoda hücumdan sonra Əmaninin köynəyi qanlı halda Livanda küçədə olduğu görünür.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına məxsus "Əl-Hədəs" xəbər kanalı Tehranın Beyrutdakı səfirliyinə istinadən dünən bildirmişdi ki, Əmaninin ümumi vəziyyəti yaxşıdır və xəsarətləri yalnız səthi xarakter daşıyır.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd mindən çox insan yaralanıb. Baş verənlərdə İsrail xüsusi xidmət orqanları şübhəli bilinir.