İran Rusiyaya ən son Qaem-5 idarə olunan bombalar veribmiş (FOTOVİDEO)

İran ilk dəfə olaraq Ukraynaya hücumlar üçün Rusiyaya ən son hava bombaları verib.

Bu barədə "Bild” açıq məlumatların təhlili üzrə ekspert Culian Röpkeyə istinadən yazır.

İranın ağır pilotsuz təyyarəsi Qods Mohajer-6 bir gün əvvəl Kursk vilayətində qəzaya uğrayıb.

Onun göyərtəsində İranın ən son idarə olunan Qaem-5 ("Qaim-5”) bombaları var. İranın özündə onlar yalnız 2019-cu ildə istifadəyə verilib. Aydındır ki, pilotsuz təyyarə Sumi bölgəsinə hücum etməli idi, lakin naməlum səbəbdən yerə düşüb.

Əvvəllər Rusiya Silahlı Qüvvələri Ukraynada yüksək dəqiqliyə malik Qaim-5-dən istifadə etməyib. Röpkenin sözlərinə görə, onların istifadəsi Tehran və Moskva arasında hərbi əməkdaşlığın "yeni səviyyəyə” yüksəldiyini göstərir.

Xatırladaq ki, Qərb kəşfiyyatı daha əvvəl İran və Rusiya arasında ballistik raketlərin ötürülməsi ilə bağlı razılaşma haqqında məlumatı olduğunu bildirsə də, hələ ki, bunun artıq baş verdiyinə dair işarələr görməyib.

Yeddilik xarici işlər nazirləri aprel ayında İrandan Rusiyaya ballistik raketlər göndərməkdən çəkinməyi tələb edərək, bunun səbəb ola biləcəyi "yeni və əhəmiyyətli addımlar" barədə xəbərdarlıq etmişdilər. Mayın 14-də Aİ Şurası Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə və Yaxın Şərqdə destruktiv hərəkətlərə görə İrana qarşı sanksiyalar mexanizmini genişləndirməyə razılaşıb.