"İran nüvə proqramı üzrə razılaşmaya hazırdır, lakin..." - Abdullahian

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığında İranın nüvə proqramı üzrə razılaşmaya hazır olduğunu, lakin çox şeyin ABŞ-ın mövqeyindən asılı olduğunu bildirib. 

"İran hökumətinin möhkəm, güclü və davamlı razılaşma əldə etmək əzmində heç bir şübhə yoxdur", - Abdullahian deyib. 

Nazirin fikrincə, Ağ Ev həddindən artıq yüksək tələblərdən imtina etməli və real addımlar atmalıdır, o cümlədən sanksiyaları ləğv etməlidir.

Abdollahian Tehranda İran, Türkiyə və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşü də şərh edib. Nazir vurğulayıb ki, İran qlobal ərzaq və enerji təhlükəsizliyinə önəm verir.

Öz növbəsində Borrell İranın nüvə sazişi bağlamaq səylərini alqışlayıb və əmin edib ki, o, şəxsən prosesi sürətləndirmək üçün çalışır, bütün tərəflərlə əlaqə saxlayır və məsləhətləşir.