İnsanlar gəlirlərinin çoxunu ərzağa verir - Zahid Oruc

“Sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri minimum və orta əməkhaqqı ilə bağlıdır. Xüsusilə bu göstəricilərə görə regional müqayisədə Gürcüstan və Ermənistanın ölkəmizdən irəli keçməsidir. Hazırkı rəsmi statistika əsasında müqayisə: Azərbaycanda aylıq orta əməkhaqqı 557 dollar, Ermənistanda aylıq orta əməkhaqqı 710 dollar, Gürcüstanda aylıq orta əməkhaqqı 748 dollardır”. 

Bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.

“MDB statistika qurumunun verdiyi məlumata görə, 2023-cü ildə üzv ölkələrdə orta aylıq əməkhaqqı: Ermənistan - 824 ABŞ dollar, Azərbaycan - 560 ABŞ dolları olub. Biz Cənubi Qafqazda liderliyimizi qorumaq üçün daha təsirli tədbirlər görməliyik. Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” sənədinə əsasən, Hökumətin hədəflərindən biri minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq idi. Ancaq rəsmi rəqəmlər hədəfə çatmadığımızı göstərir”, - deputat qeyd edib.

Z.Orucun fikrinə görə, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir:

“Müqayisə üçün, ekspertlərin mövqeyi maraq doğurur. Gürcüstan ərazisi Azərbaycanın 19,5 %, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,3 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon dollar dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon dollar dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon dollar, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı. 

Qiymətlərin artımı və inflasiyanın səviyyəsi informasiya məkanında ən çox müzakirə olunur. İnflyasiyanın pik dövründə qida inflyasiyası 20 %-i aşıb. Əhalinin xərclərinin yarıdan çoxunu ərzaq məhsulları təşkil etdiyini nəzərə alsaq, azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir”.