“Eowyn” qış fırtınası İrlandiyanın qərbinə saniyədə 50 metr sürətlə rekord küləklər gətirib.
Bizimxeber.az bildirir ki, təbii fəlakətin tüğyan etməsi səbəbindən 700 mindən çox ev, təsərrüfat və biznes işıqsız qalıb, on minlərlə vətəndaşın mobil rabitəsi kəsilib.
Meteoroloqların dediyinə görə , "Eowyn" bu həftənin əvvəlində ABŞ-ı bürüyən Arktika hava dalğası ilə güclənib.
Fırtına yaxınlaşdıqca İrlandiya və Şotlandiyanın bəzi bölgələrində səlahiyyətlilər qırmızı hava xəbərdarlığı elan ediblər. Bununla əlaqədar məktəblər və universitetlər bağlanıb, yerli sakinlər təhlükəsiz yerə sığınmağa çağırılıb. Üstəlik, İrlandiya boyunca qatarlar ləğv edilib və İngiltərənin şimalının böyük bir hissəsində dəmir yolu xidmətləri tamamilə dayandırılıb.
Böyük Britaniyada mindən çox reys ləğv edilib. Xüsusilə Qlazqo, Edinburq, Mançester, Nyukasl, Liverpul və Dublin hava limanlarında məhdudiyyətlər tətbiq edilib. Bundan əlavə, London Hitrouda bəzi reyslər ləğv edilib.