Hüseyn Abdullayevin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb. Prosesə hakim Azər Tağıyev sədrlik edir. İclasda Abdullayevin anket məlumatları dəqiqləşdirilib.

Bizimxeber.az bildirir ki, Hüseyn Abdullayevin vəkilləri müvəkkillərinin məhkəmə prosesində yanında əyləşməsi ilə bağlı vəsatət veriblər. Vəsatət təmin edilsə də, Abdullayev bundan imtina edib. Vəkillər həmçinin Abdullayevin səhhətində ciddi problemlər olduğunu bildirərək, şəxsi həkimlə təmin olunmasını və ailəözəl xəstəxanalarda müalicə olunmasına şərait yaradılmasını tələb ediblər.

Müdafiəçilər məhkəmə iclaslarının videokonfrans vasitəsilə və ya istintaq təcridxanasında keçirilməsi ilə bağlı da vəsatət qaldırıblar. Eyni zamanda, Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət də irəli sürülüb. Vəkillər bu vəsatəti əsaslandıraraq, ev dustaqlığı şəraitində müalicənin ailəsi tərəfindən daha yaxşı təşkil ediləcəyini qeyd ediblər.

Məhkəmə ev dustaqlığına buraxılma vəsatətini rədd edib, lakin Abdullayevin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəsatəti qismən təmin edib.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Bakı Hərbi Məhkəməsində Hüseyn Abdullayev və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq deputat qanunsuz sahibkarlıq, hədə-qorxu ilə tələb etmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və digər əməllərlə ittiham edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb. Sonradan Abdullayev barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə yeni ittiham irəli sürülüb.