Latviya, Litva və Estoniya Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauriyə qarşı ölkədə dinc nümayişçilərə qarşı zorakılıq etdiyi üçün sanksiya tətbiq edib.
Bizimxeber.az gürcü KİV-lərinə istinadən bildirir ki, etiraz aksiyalarının dağıdılmasına görə məsuliyyət daşıyanların hamısı, o cümlədən nazir Homelauri üç Baltikyanı ölkə tərəfindən sanksiyaya məruz qalıb.
Məhdudlaşdırıcı tədbirlərə, xüsusən, Latviya, Litva və Estoniya ərazisinə girişin qadağan edilməsi daxildir.
Bir gün əvvəl məlum olub ki, üç Baltikyanı ölkə Gürcüstanda hakimiyyətin Aİ-yə daxil olmaq üzrə danışıqları dayandırmaq niyyətinə cavab olaraq başlayan etirazları yatıranlara qarşı milli sanksiyalar tətbiq etməyə razılaşıb.
Xatırladaq ki, Gürcüstan hökumətinin növbəti 4 il ərzində Aİ-yə daxil olmaq üzrə danışıqlardan imtina etdiyini elan etməsindən sonra bir neçə gündür ki, Gürcüstanda genişmiqyaslı hökumət əleyhinə etirazlar davam edir. Gürcüstan təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı sərt tədbirlərə əl atması Qərbin qınağına səbəb olub.