Gürcüstan prezidenti Krım Platformasının Sammitinə dəvət olunub

Ukrayna Gürcüstan prezidenti Salome Zurabişvilini sentyabrın 11-də Kiyevdə keçiriləcək Krım Platformasının dördüncü sammitinə dəvət edib.

Bizimxeber.az “Evropeyska Pravda”ya istinadən bildirir ki, məlumatı Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Xarışin təsdiqləyib.

Xarışin qeyd edib ki, Ukrayna səfirlik vasitəsilə Zurabişviliyə Krım Platformasının sammitində iştirak etmək üçün dəvət göndərib.

O əlavə edib ki, Gürcüstan tərəfi parlament xətti ilə daha bir dəvət alıb: Gürcüstan parlamentinin rəhbərliyi oktyabrda Riqada keçirilməsi planlaşdırılan Krım platformasının parlament sammitində iştirak etmək üçün dəvət olunub. 

"Parlamentin rəhbərliyi də bu dəvəti qəbul edib. Biz builki sammitdə ən azı deputatların (Gürcüstan parlamentinin - red.) iştirak edəcəyini gözləyirik", - ukraynalı diplomat əlavə edib.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Zurabişvili 2023-cü ildə olduğu kimi bu il də Krım Platformasının sammitində uzaqdan iştirak edəcək.

Gürcüstan liderləri 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynaya səfər etməyiblər. Ötən ilin iyununda Gürcüstan prezidenti Salome Zurabişvili gəlməyə hazır olduğunu bildirsə də, Kiyevdən dəvət almayıb.

Sonradan məlum oldu ki, Zurabişvili Ukraynaya işgüzar səfər etməyi planlaşdırsa da, Gürcüstan hökumətinin razılığını almayıb. Daha sonra Gürcüstanın Konstitusiya Məhkəməsi bəyan edib ki, Zurabişvilinin razılaşdırılmamış səfərləri qanunu pozur.