Gürcüstan Britaniya səfirinə etiraz notası verib

Gürcüstan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Qarret Uordu çağırıb.

Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstanın 1TV telekanalı məlumat verib. Xarici İşlər Nazirliyinə daxil olmamışdan əvvəl səfir mətbuata heç bir şərh verməyib.

Telekanalın əldə etdiyi məlumata görə, Böyük Britaniya səfirini Xarici İşlər Nazirliyinə bir gün əvvəl Britaniyanın jurnalistlərə və dinc nümayişçilərə qarşı zorakı hücumlara görə məsuliyyət daşıyan beş yüksək rütbəli gürcü məmuruna qarşı sanksiya elan etməsi ilə əlaqədar çağırıb.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Homelauri və onun müavini Aleksandr Daraxvelidze, Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvili, Xüsusi Təyinatlar Departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri Laqazauri Britaniyanın yeni sanksiyalarına məruz qalıb.