"“Legionun” Gürcüstana gəlməyi planlaşdırması ilə bağlı yayılan xəbərlər Rusiyanın dezinformasiyasıdır".
Bizimxeber.az bildirir ki, bunu Ukraynada Rusiya Federasiyasına qarşı döyüşən “Gürcüstan legionu” bəyan edib.
"Rusiya təbliğatı son vaxtlar gürcü legionunun Gürcüstana qayıdıb etiraz aksiyalarında iştirak etməyi planlaşdırdığı barədə yalan məlumatlar yaymağa başlayıb", - Legionun dekabrın 3-də yaydığı bəyanatda deyilir.
“Biz bu əsassız ittihamları qəti şəkildə rədd edirik. Gürcüstan hökumətinin Avropa İttifaqına daxil olmaq yolunda irəliləyişini dayandırmaq qərarı ilə bağlı gürcü xalqının haqlı hiddətini tam dəstəkləsək də, bizim mübarizəmiz buradadır".
“Gürcüstan legionu”na Mamuka Mamulaşvili rəhbərlik edir.
Bəyanata görə, “Gürcüstan legionu” 2014-cü ildən “Ukraynanın tərəfində möhkəm dayanır və Rusiyanın təcavüzünə qarşı mübarizəni davam etdirəcək. Ukraynanın qələbəsinə fədakarlığımız sarsılmazdır və son günə qədər biz cəbhə xəttində qalacağıq.
Qeyd edək ki, “Gürcüstan legionu”nun bəyanatını Prezident Salome Zurabişvili Platform X-də paylaşıb.
Gürcüstanda Avropaya inteqrasiyanı dəstəkləyən minlərlə etiraz nümayişi beşinci gündür ki, davam edir. Xüsusi təyinatlılarla qarşıdurma davam edir. Nümayişçilər baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiya prosesinin 2028-ci ilə qədər dayandırıldığı bəyanatına etiraz edirlər. Bu açıqlama vətəndaşların böyük bir hissəsi tərəfindən Rusiyaya qarşı xarici kursun dəyişməsinin növbəti sübutu kimi qiymətləndirilib.