COP29 forumunun Azərbaycanda keçirilməsi güvəndir

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, istər regional, istərsə də ümumdünya səviyyəsində cərəyan edən hadisələrə təsir gücünün artması Respublika Rəhbəri, Cənab Prezident İlham Əliyevin dahiyanə strategiyasının, onun müdrik daxili və xarici siyasətinin nəticəsidir.

Ölkəmizin siyasi və iqtisadi məkanda qazandığı qələbələr, misli görünməmiş, reallaşması ilə tarixi hadisəyə çevrilən proyektlər, bütün azadlıqların ən yüksək səviyyədə təmin olunması, tam tolerant ictimai mühit – bütün bunlar Azərbaycan Respublikası Prezidentinin fenomenal idarəçilik təcrübəsinin, mətin iradəsinin və mükəmməl diplomatik fəaliyyətinin nəticəsidir. Azərbaycanın beynəlxalq arenada sadəcə üzv deyil, iri, qlobal problemlərin həll olunmasında lider mövqelərinə yüksəlməsi Ölkə Başçısının dünya siyasət olimpinin zirvəsini fəth etməsi ilə mümkün olmuşdur. 

Məhz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 Azərbaycanda keçirilməsi dövlətimizin dünya səviyyəsində ən öncül mövqedə qərarlaşdığını təsdiq edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu cür beynəlxalq tədbiri öz proqram xarakterli nitqində dərindən təhlil edərək bunları söyləmişdir: “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.”

Həqiqətən də COP29 konfransı ilə bağlı qərarın bilavasitə antiterror əməliyyatının – Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixdə misli-bərabəri görünməmiş qələbənin bayram edilməsi, torpaqlarımızın tam azad olunması, müqəddəs üçrəngli bayrağın Azərbaycanın hər bir guşəsində dalğalanması fonunda qəbul edilməsi böyük rəmzi məna daşıyır. Azərbaycan öz Rəhbərinin başçılığı altında hər sahədə - istər hərb meydanında, istərsə də dünyanın taleyini – iqlim dəyişiklərini müzakirə edən tədbirdə birincidir, qalibdir. Bu – Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçən arzularının, ölkəmizin əbədi səadətinin Cənab Prezident İlham Əliyevlə bağlı olmasının təcəssümüdür. Hərb meydanında qələbəmizi gözü götürməyən qüvvələrə bu tutarlı cavab, dünya ictimaiyyətinin Azərbaycan Prezidentinin mövqeyini, onun siyasətini dəstəkləməsinin təcəssümüdür. Bütün tərəqqipərvər bəşəriyyət Azərbaycanın işinin haqq işi olduğundan xəbərdardır.

COP29 konfransı kimi mötəbər bir tədbirin – dünya əhəmiyyətli qərarların qəbul ediləcəyi, gələcəyimiz olan övladlarımızın təmiz, pak bir iqlimdə yaşaması yolunda müzakirələrin aparılacağı forumun Azərbaycanda keçirilməsi onu göstərir ki, artıq bütün dövlətlər iqlim dəyişikliyi kimi tale yüklü bir problemin həlli yolunda Azərbaycanımıza, onun Liderinə, Cənab Prezident İlham Əliyevə güvənir, həmin problemin həlli yollarının müzakirəsinin tolerantlığın, insana və təbiətə qayğının, ekoloji problemlərə müasir elmi nailiyyətlərin tətbiqi ilə mübarizənin rəmzinə çevrilmiş dövlətimiz və cəmiyyətimizdə aparılmasını alqışlayır. Ümumiyyətlə, COP29, Cənab Prezident İlham Əliyev tərəfindən çox mühüm əhəmiyyətli bir tədbir kimi qeyd olunmuşdur. Dövlət Başçımız ölkələrin təmsilçiliyi baxımından bu tədbirin BMT Baş Assambleyasından geri qalmadığını xüsusilə vurğulamışdır.

Yaşadığımız torpaq, Vətənimiz dünyanın bir gözəl guşəsidir. Bütün dünyada baş verən təbii proseslər, o cümlədən bu proseslərin ən başlıcası olan iqlim dəyişiklikləri bizi də narahat etməyə bilməz. Faktlar isə onu göstərir ki, son 100 ildə, xüsusən axırıncı onilliklərdə bu dəyişikliklərin neqativ effekti göz önündədir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə axırıncı bir əsr ərzində Yer kürəsində orta temperatur 0,8 dərəcə artmışdır. Belə temperatur artımı ilk növbədə insanın fəaliyyəti, yəni antropogen faktorlarla əlaqədardır. 

Təbii ki, texniki tərəqqi, atmosferə müxtəlif, xüsusən istilik effekti yaradan qazların və müxtəlif digər birləşmələrin buraxılmasına, iqlimin kəskin dəyişikliklərinə, müəyyən ərazilərdə bu dəyişikliklərin təşviş doğuracaq səviyyəyə qədər yüksəlməsinə gətirib çıxarmışdır. Okeanda isti axınların temperaturunun daha da yüksəlməsi onunla izah edilir ki, indi suyun qızması artıq 2000 metr dərinliyinə qədər gedib çatmışdır; başqa sözlə, 2 dəfə yüksəlmişdir. Bu qlobal xarakterli bir problemdir ki, 1995-ci ildə ilk konfransı keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP Konvensiyasının yaranmasını zəruri etmişdir. Konvensiyanın yarandığı zamandan ən aktiv surətdə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmuş Azərbaycan öz Dövlət Rəhbərinin başçılığı altında bütün dünyaya örnək olan addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş torpaqlarımızı “Yaşıl enerji” zonası elan etməsi, bütün dünya dövlətlərinə çağırış və nümunədir. Dövlətimiz tərəfindən 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəf kimi götürülmüşdür. Növbəti mərhələdə, yəni 2050-ci ilə qədər bu qazların miqdarının 40 faiz azaldılacağı gözlənilir. 

Hər zaman olduğu kimi, doğma Azərbaycan, Vətənimiz qlobal problemlərin həllində öz Rəhbərinin müdrik siyasəti sayəsində uğurla irəliləyir və dünya dövlətlərinə nümunə sayılacaq addımlarını nümayiş etdirir. Azərbaycan Respublikası Prezidenti COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə söylədiyi tarixi nitqində qeyd etdiyi kimi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.”

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri,
Əməkdar elm xadimi, prof. Vaqif Şadlinski