Gömrüyün "Qara qutu"su - İqbal Babayev və yoxa çıxan bəyənnamələr

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini general İqbal Babayevin açıqlamaları kimlərinsə ünvanına mesajlarla doludur. Görünən odur ki, general İqbal Babayev bu kimi açıqlamaları ilə özünü "sudan quru çıxarmaq"la yanaşı, həm də mübarizəsinə davam edəcəyinə işarə edir. 

Yüksək çinli məmurların, özü də dövlət büdcəsinin formalaşmasında böyük önəmə malik olan Gömrük Komitəsinin sədr müavini, üstəlik  general rütbəli şəxsin bu tonda olan açıqlaması adama sanki "Vor v Zakon"ların mübarizəsi təəssüratı yaradır.

Təbbi ki, ölkə mətbuatında son 2 gündə onun kifayət qədər dəstəkçisi peyda olub və bunun səbəblərini anlamaq o qədər də çətin deyil. Loru dildə desək, pulunu verib, xəbərlərini yaydırır, özünü müdafiə edir. Hətta belə məlumatlar yayılır ki, guya İqbal Babayevi DGK sədri güdaza vermək istəyir...

Bəzi mətbuatçılar da, ona və ya kimlərəsə inanır. Çünki, Gömrükdə, daha doğrusu, elektron sistemdə nələrin baş verdiyindən xəbərsizdirlər. Çünki mətbuat yoxdur və bu sahədə nələrin baş verdiyindən xəbərsizdirlər. 

Əslində, Dövlət Gömrük Komitəsində çalışan bütün generallar, başda DGK sədri Səfər Mehdiyev olmaqla hamsı hansısa qanunsuz əməllərin sahibləridirlər. O qurumda elə bir general yoxdur ki, özünün komandası olmasın, monopoliyada saxladığı sahədən milyonlar qazanmasın.

Amma sədr müavini general İqbal Babayevin özünü sudan quru çıxarması və məlum əndişəsi daha böyük problemlərin varlığından xəbər verir. Üstəlik , susmaq əvəzinə bu qədər arxayın danışması onun əməllərinə uzaqdan nəzər yetirmək üçün əsas yaradır.

Əvvəla İqbal Babayevin müavin olaraq hansısa əməllərdən kənarda qalması, xəbərsiz olması daha çox gülünc məsələdir. Bildiyimiz kimi, rəsmi qurumlarda bütün sənədlərin imzalanması prossesi, nazirdən, komitə sədrindən öncə müavinlər tərəfindən imzalanır. Bütün bunlar göstərir ki, DGK-də hansısa qanunsuzluq olubsa İqbal Babayevin bundan mütləq və mütləq xəbəri olub. Hələ elektronlaşdırılmış sistemə nəzarət onun əlindədirsə bu lap pis.

İqbal Babayev "...innovasiya layihələrinin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram, nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur" fikri ilə özünü daha çox dolaşdırıb.

Dünyanın bütün ölkəsində avtomatlaşdırılmış sistemlərə inam heç vaxt birmənalı olmayıb. Bu sistemlər vasitəsi ilə istənilən əmələ imza atmaq olar.

Həmçinin, Dövlət Gömrük Komitəsində belə halların törədilməsi çox sadə sistemdir. Ay ərzində 5-10 maşın yükün gömrük bəyənnaməsi sistemindən kənarda qalmasının nə qədər böyük məbləğ olduğunu yəqin ki, çoxları anlamır. Hansı ki, bu sistemi idarə edən İqbal Babayev bu cümləni oxudusa yəqin ki, söhbətin nədən getdiyini anladı.

İqbal Babayevə Gömrük sistemində "Qara qutu" demək olar. 

Və bəzi suallara ötən günkü kimi aydınlıq gətirməsi lazım olacaq. Elə isə sadə bir neçə sual: 

- Gömrük bəyənnamələri hansı hallarda ləğv olunur?
 - Ləğv edilmiş bəyənnamələr sistemdən hara qeyb olur?
- Silinə bilərmi?
- Silirsinizmi?

Bəyən edilmiş yükə görə, sahibkar 3-4 ay ödəmə möhləti götürsün, gecə ilə mal satılsın və bəyənnamə ləğv edilsin... Nə bığ bilsin, nə də saqqal? Heç verginin də xəbəri olmasın... Belə hallar olurmu?

Yaxud sualı bir qədər də sadələşdirək...

- Gömrük bəyənnamələri silinirsə, bundan dövlət nə qədər ziyan görür?

Və kimlər qazanır?