Fırıldaqçılığın böyüyən miqyası - Qanunsuz şirkətlər insanları intihara aparır

Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin adına açılmış üç qanunsuz şirkət və yaranan vergi borcu, diqqəti bir daha bu cür fırıldaqların miqyasına yönəldib. İlkin Ağayev hazırda 61 min manatdan çox vergi borcu ilə üzləşib.

Bizimxeber.az-ın məlumatına görə, İlkin Ağayev deyib ki, 2023-cü ilin sonlarında əvvəlcədən tanıdığı Eşqin adlı şəxs ona gündəlik 30 manat əməkhaqqı təklif edib. Tərəflər bu təklifi qəbul edərək "ASAN Xidmət" mərkəzinə gediblər. İ.Ağayev burada şəxsiyyət vəsiqəsini təqdim edib və nə məqsədlə olduğunu bilmədiyi sənədlərə imza atıb.

Bundan sonra İlkin Ağayev Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən bildiriş alıb və adına üç şirkətin açıldığını öyrənib. Bu vəziyyət onu dərhal vasitəçi olan Eşqin adlı şəxsi axtarmağa sövq edib. Lakin, Eşqin adlı şəxs tapılmayıb. 

Bu hadisə, təəssüf ki, yalnız bir nümunə deyil. İndiyədək eynimotivli bir çox hadisə yaşanıb və hər dəfə araşdırılacağı bildirilsə də, fırıldaqları həyata keçirən şəxslərin kimlər olduğu bəlli olmayıb. Bu cür qanunsuz şirkətlərin yaranması çox ciddi bir problemə çevrilib və bu problemlərdən dolayı onlarla insan intihara əl atıb, ailələr dağılıb, daha ciddi hadisələr baş verib.

Qanunsuz fəaliyyət göstərən bu şirkətlər əsasən gömrük əməliyyatları üçün yaradılır. Bir neçə dəfə istifadədən sonra fəaliyyətini dayandıran şirkətlərin adına açılan şəxslərin üzərinə böyük məbləğdə vergi borcu yazılır.

Bu kimi şirkətlərin sayı hər gün artmaqda davam edir və həm qanuni fəaliyyət göstərən sahibkarlara, həm də dövlət büdcəsinə böyük ziyan vurur. Maraqlı digər məqam isə budur ki, belə şirkətlərin fəaliyyətinə bəzən gömrükdə "yaşıl işıq" yandıran şəxslər də iştirak edirlər. Bu da həmin qanunsuz fəaliyyətlərin davam etməsinə səbəb olur.

Bu məsələ illərdir ki, sadə və kasıb insanlara ciddi problemlər yaradır, lakin bu cür fırıldaqçılara milyonlar qazandırır. Mətbuat bu hadisələr barədə dəfələrlə məlumat verir, amma hələ də bu fırıldaqları həyata keçirən şəxslərin arxasında kimlərin dayandığı ilə bağlı heç bir konkret məlumat, ad açıqlanmır. Görünür bu şəxslərin adlarının açıqlanmamasında ciddi maraqlar var. Bu vəziyyətin qarşısını almaq üçün qanunvericilikdəki boşluqların aradan qaldırılması və şəxsi məlumatların qorunması üçün daha ciddi tədbirlər tətbiq edilməsi vacibdir.