Finlandiya hökuməti sentyabrın 30-dan rusiyalı turistlər üçün sərhədin bağlanmasını təsdiqləyib. Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin Nazirlər Kabinetinin iclasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.
"Hökumət fundamental qərar qəbul edib. Sərhəd cümə günü rusiyalı turistlər üçün bağlanacaq".
Haavisto qeyd edib ki, məhdudiyyətlər sentyabrın 30-da qüvvəyə minir və növbəti bildirişə qədər qüvvədə qalır.
Eyni zamanda, bu qərarın humanitar səbəblərdən ölkəyə daxil olan vətəndaşlara təsir etmədiyini vurğulayıb. Bundan əvvəl məlum olub ki, Estoniya, Latviya, Litva və Polşanın hakimiyyət orqanlarının Aİ-nin digər ölkələrinə verilmiş Şengen vizası ilə Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərarı qüvvəyə minib.
Qeyd olunur ki, bu məhdudiyyətdən istisna yük maşını sürücüləri, diplomatlar və ailə və humanitar səbəblərə görə daxil olanlar üçün olacaq.