Fərid Qayıbov hökümətə meydan oxuyur? - Bu foto nə deməkdir? FOTO

Xəbər verdiyimiz kimi, bu gün Mariana Vasileva Gənclər və İdman Nazirliyindəki müavin vəzifəsindən azad edildi. Lakin bu qərar çoxdan gözlənilən bir addım idi. Uzun müddətdir onun Azərbaycan idmanına vurduğu zərər göz önündə idi.

Məsələni daha aydın anlamaq üçün dekabrın 31-də baş verən hadisəyə nəzər salaq:

Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdən tam 180 gün müddətinə kənarlaşdırdı. Bunun səbəbi Mariana Vasilevanın idmançılara qarşı tətbiq etdiyi fiziki zorakılıq ittihamıdır. Daha dəhşətlisi isə, bu zorakılıq halları təkcə onun diskvalifikasiyası ilə nəticələnmədi, həm də Azərbaycan idmanına beynəlxalq səviyyədə böyük ləkə vurdu. Mariana Vasileva ömürlük diskvalifikasiya edildi.

Lakin bütün bu olaylardan daha acınacaqlı və təəccüblü olan, Gənclər və İdman naziri Fərid Qayıbovun davranışıdır. Mariana Vasilevanın vəzifədən azad edildiyi gün, Fərid Qayıbov sosial şəbəkələrdə onunla selfi paylaşdı. Bu, cəmiyyətdə böyük suallar doğurdu: Bu fotonu başqa necə izah etmək olar? Azərbaycan idmanına bu qədər zərər vurmuş bir şəxsin işdən çıxarıldığı gün nazirin onunla birgə şəkil paylaşması hansı məntiqə sığır?

Fərid Qayıbov, nazir olaraq daha məsuliyyətli davranmalı idi. Belə bir durumda ən azından idman ictimaiyyətindən üzr istəmək və bu cür xoşagəlməz halların bir daha təkrarlanmayacağını təmin etmək üçün addımlar atmaq gözlənilirdi. Bunun əvəzinə, o, Mariana Vasilevanın işdən çıxarılacağına əmin olduğu halda, onunla birgə tədbirlərdə iştirakını təmin etdi və sanki bu hadisəni önəmsəmədiyini göstərdi.

Amma unudulmamalıdır ki, belə hallarda qərarı yalnız bir şəxs deyil, Azərbaycan dövlətinin başçısı verir. Prezident İlham Əliyevin idman sahəsindəki prinsipial mövqeyi, bu cür xoşagəlməz hallara qarşı qətiyyətli addımlar atılmasını təmin edir.

Fərid Qayıbov anlamalıdır ki, o, yalnız bir nazirdir və əsas vəzifəsi gənclər və idmançılara xidmət etməkdir. Xoşagəlməz davranışa məruz qalanlar Mariana Vasileva deyil, məhz Azərbaycan gəncləri və idmançılarıdır!

Azərbaycan idmanının imicinə vurulan bu zərərin məsuliyyətini kim daşıyacaq? Bu suala isə hələ cavab verilməyib...