Ermənistanla Moskva arasında siyasi istiləşmə

Moskva ilə İrəvan arasında rabitə fasiləsi aradan qaldırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı ilə birgə keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, tərəflər bir sıra məsələlər üzrə qarşılıqlı məqbul həllər əldə edə biliblər. Lavrov iki ölkə liderləri arasında keçən ilki görüşləri, həmçinin Paşinyanla Putin arasında son telefon danışığını xatırladaraq, yüksək səviyyədə müntəzəm dialoqun qaldığını vurğulayıb.

Rusiya XİN rəhbəri ümid edir ki, bu gün xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar son vaxtlar yaranmış və bəzən mediada yersiz reaksiyaya səbəb olan məsələlərin həllinə kömək edəcək.

“Biz açıq şəkildə, dediyim kimi, münasibətlərimizin demək olar ki, bütün spektrini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə etdik”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi İrəvanla bütün razılaşmalara sadiqdir, o cümlədən hərbi-siyasi sahədə.