Ermənistan “Bayraqdar”lar əldə edə bilər - Təhlükə...

Avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçiyə gedəcəyi haqda məlumat verilib. Səfər ərəfəsində Ərdoğan bəzi maraqlı açıqlamalar verib. Türkiyəyə Rusiyada “Bayraqdar” istehsal edən ortaq zavod tikmək barədə Putinin ona təklif verməsi barədə açıqlama da eyni qəbildəndir. Bəs Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşarmı? 

“Rusiya Türkiyəyə ”S-400" raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir".

Bu ehtimalı politoloq Elxan Şahinoğlu irəli sürüb.

“Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın ”Bayraktar’’lar əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraqdar”lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?", - deyə o qeyd edib.

“Bayraqdar” şirkətinin rəhbəri Haluk Bayraktar isə CNN-ə demişdi ki, şirkət Rusiyaya bu dornları satmağa hazırlaşmır. Yada salaq ki, kapitulyant ölkə Hindistan dronlarına da maraq göstərir.

“Türkiyə hələlik Rusiya ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı ilə bağlı mümkün əməkdaşlıq məsələsini nəzərdən keçirmir”.

“Hürriyet” qəzeti bu barədə Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmirə istinadla məlumat yayıb.

“Bunun baş tutub-tutmayacağı barədə bir söz deyə bilmərəm. Hazırda gündəlikdə belə bir planımız yoxdur və bu istiqamətdə heç bir iş aparılmır. Proses Türkiyənin siyasəti çərçivəsində formalaşır, biz yalnız onun texniki tərəfləri ilə bağlı işlər görürük”, - deyə İsmail Demir Rusiya ilə PUA sahəsində əməkdaşlığın mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman bildirib.

CNN Türk telekanalının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin iyulun 19-da Tehranda keçirilən görüş zamanı guya türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Baykar” PUA-larının istehsalı sahəsində əməkdaşlıq təklif edib. “Baykar” kompaniyasının rəhbəri Haluk Bayraqdar isə daha öncə deyib ki, Türkiyə Rusiyaya pilotsuz uçuş aparatları verməyib və gələcəkdə də verməyəcək. Türkiyə son illərdə təkcə öz silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün pilotsuz döyüş aparatlarının istehsalına başlayıb. Hazırda Türkiyənin “Bayraqdar TB-2" PUA-ları altı dövlətin - Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukraynanın silahlı qüvvələrində istifadə olunur. Onlar İkinci Qarabağ müharibəsində, həmçinin Suriya və Liviyadakı döyüş əməliyyatlarında tətbiq edilib.

Rusiya-Türkiyə birgə istehsalı baş tutarsa, Ermənistanın “Bayraqdar”lara legitim yolla sahiblənməsi ehtimalı nə dərəcədə ciddidir?

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a açıqlamasında“Baykar” şirkətinin Türkiyə dövlətinə məxsus olmadığını deyib: “Yəni bu şirkət bir sahibkarındır. Həmin sahibkar da daha əvvəllər öz fikrini deyib. Rusiya tərəfinin istəyi ola bilər, amma bu istəyin gerçəkləşməsi əvvəl başdan sahibkarın marağında deyil. Bu gün Rusiyanın müasir silah arsenalı çatışmır. Ermənilərə də belə silahları verə bilmirlər. Çünki özlərinə çatmır.

Rusiya bu istiqamətdə vəziyyəti dəyişmək üçün yollar axtarır. Bu baxımdan belə təkliflər irəli sürür. Ermənistanın Hindistana üz tutması da gözləniləndir. Pakistan məsələsinə görə Hindistan Ermənistana 3-5 dron verə bilər. Amma məsələ 3-5 dronla həll olmur. Müharibənin taleyini dronlar deyil, bir çox faktorlar həll edir. Ermənistan dron əldə etsə belə, bu, güc balansını dəyişə bilməz”.