Ermənilər casus proqramının hədəfinə çevrilib

Ermənistanda daha iki nəfər “Peqasus” casus proqramının hədəfinə çevrilib.

Bu barədə məlumatı təhlükəsizlik məsələləri üzrə ekspert Ruben Muradyan öz feysbuk hesabında verib. 

Onun sözlərinə görə, “Apple” şirkəti Ermənistanda sözügedən proqramın qurbanına çevrilmiş şəxslərə xəbərdarlıq məktubları göndərməyə başlayıb. O bildirib ki, Ermənistanda azı iki nəfər bu cür məktub alıb.

Qeyd edək ki, bir neçə ay əvvəl yayılan məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan daxili düşmənləri ilə mübarizə aparmaq üçün “Peqasus” dinləmə sistemini alıb. Onun bu sistemi əldə etmək üçün 7 milyon dollar xərclədiyi bildirilirdi.

İsrailin “NSO Group” şirkəti tərəfindən yaradılan “Peqasus” proqramını iOS və Android əməliyyat sistemləri ilə işləyən mobil telefonlara və digər cihazlara quraşdırmaq mümkündür.