Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisinin hələ də Eritreya dövləti sularında saxlanır.
“Caspian Marine Services B.V.” şirkətindən verilən məlumata görə, Eritreyada saxlanan Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi hələ tamamlanmayıb. Hazırda Eritreyada bununla bağlı araşdırma aparılır.
Məlumata görə, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.
Bizimxeber.az bildirir ki, keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Ümumiyyətlə, “Caspian Marine Services B.V.” şirkəti hansı işlə məşğul olur və gəmiləri hansı sularda üzür?
Şirkətin saytında qeyd olunur ki, "Caspian Marine Services B.V." dənizdə neft və qaz kəşfiyyatı və hasilat sənayesinə xidmət göstərən dəniz yardımçı gəmilər parkını idarə edir.
"Xəzər dənizində strateji olaraq dənizdə yerləşdirilən gəmilərlə biz regionda sənaye üçün mövcud olan ən yüksək təhlükəsizlik standartları, xidmət və texnologiya ilə birlikdə dənizdə dəstək xidmətlərinin geniş spektrini təmin edə bilərik. CMS-in Azərbaycan filialı Azərbaycanda fəaliyyətə 2006-cı ilin əvvəlində başlamış, ofisləri Azərbaycanın paytaxtı və əsas gəmiçilik mərkəzi kimi Bakıda yerləşirdi. Bazasını Azərbaycanda yerləşdirməkdə əsas məqsəd Xəzər regionunda aparıcı dəniz operatorları və gəmi menecerlərindən biri olmaq idi" deyə məlumatda qeyd olunur.
Həmçinin qeyd olunur ki, "CMS Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə strateji Alyans yaratdı və bu, şirkətimizin qarşıya qoyduğu iddialı məqsədlərə nail olmaq yolunda çox mühüm addım oldu. Alyansın üzvü kimi CMS-ə SOCAR-ın nəzarətində olan bütün dəniz obyektlərinə və gəmilər parkına giriş imkanı verilib. 2014-cü ilin əvvəlində Azərbaycanda gəmiçilik sənayesinin yenidən qurulmasından sonra CMS Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) ilə strateji müttəfiqlik yaradıb".
Eritreya dövləti sularında saxlanılan 3 gəminin heç biri yük gəmisi deyil. Bu gəmilərin 2 aydan çoxdur Eriteriyada saxlanması hələ də müəmmalıdır.
Qaydalara görə, külək və ya başqa səbəbdən başqa bir ölkənin ərazisinə daxil olan gəmilərin saxlanma müddəti uzun çəkə bilməz. Lakin, bəzi xüsusi hallarda, məsələn, gəminin müvafiq sənədlərinin yoxlanması, hüquqi məsələlər, təhlükəsizlik yoxlamaları və digər administrativ səbəblərdən dolayı belə saxlanma müddəti uzana bilər. Bu cür müddətlərin iki aya çatması çox nadir hallarda baş verir, çünki beynəlxalq hüququn tələblərinə görə, gəminin müvafiq ölkə tərəfindən saxlanma müddəti məhduddur və bu müddət ərzində gəmi və ya gəmi heyəti haqqında qərar verilməlidir. Yaxud başqa ciddi səbəblər üzündən saxlama uzunmüddətli hal ala bilər.
Saxlanan gəmilər isə bunlardır...
CMS Pəhləvan - Yanğınsöndürən Yedək gəmisi, Damen Shoal buster 3209
**
CMS Igid - DAMEN SHOAL BUSTER 2709 Tug
**