Ərdoğan Kiprin birləşməsinə qarşı çıxıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiprdə iki dövlətin yaradılması və tanınması qərarını dəstəklədiyini bir daha bəyan edib. 

Bizimxeber.az "Hurriyet Daily News"a istinadən xəbər verir ki, o, bunu  tanınmamış Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfəri zamanı deyib.

Səfəri Türkiyənin adada əməliyyatının 50-ci ildönümünə təsadüf edir. Ərdoğan deyib ki, "Kiprdə federal həll mümkün deyil” və beynəlxalq səviyyədə tanınan Kiprin Kipr türkləri ilə gücü və ya təbii sərvətlərini bölüşmək niyyəti yoxdur.

Türkiyə prezidenti hesab edir ki, bu günə qədər Kipr türkləri və Türkiyə həll yolu axtaran, fədakarlıq edən, risk götürən və öhdəliklərini nümayiş etdirən səmimi tərəflərdir. 

O, Ankaranın Kiprdə davamlı sülhə və nizamlanmaya nail olmaq üçün danışıqlara hazır olduğunu bir daha bəyan edib.

1974-cü ildə Kiprdə adanın Yunanıstana birləşdirilməsinin tərəfdarları tərəfindən çevriliş baş verdi. Buna cavab olaraq Türkiyə Kiprin şimal hissəsini işğal etdi, orada tanınmamış Şimali Kipr dövləti sonradan elan edildi (müstəqilliyini yalnız Türkiyə tanıyır).

O vaxtdan bəri BMT-nin vasitəçiliyi ilə Kiprin birləşdirilməsi ilə bağlı çoxsaylı danışıqlar aparılsa da, heç bir real nəticə əldə edilməyib. Şimali Kipr federasiya şərtləri altında Kiprlə birləşməkdə israrlıdır, Kipr hakimiyyəti isə Türkiyənin təsirinin artmasından ehtiyat edərək belə planları rədd edir.

Ötən il Kiprin prezidenti olmuş Nikos Kristodoulidis dəfələrlə adada sülh prosesi ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırıb.