Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində baş verən zəlzələlərin tezliyinin artması fonunda İstanbul və ölkənin digər bölgələrində mümkün fövqəladə hallara ciddi hazırlaşmağın vacibliyini vurğulayıb.
"Son günlər Yunanıstan tərəfində qeydə alınan yeraltı təkanlar bizə bir daha hazırlığın əhəmiyyətini xatırladır. Zəlzələyə davamlı şəhərlər yaratmaq ölkəmiz üçün kritik məsələdir. Yerli hökumətlər şəhər transformasiya layihələri vasitəsilə bu istiqamətdə fəaliyyət göstərməli, bu məsələdə siyasi mənfəət güdməməlidir", – deyə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Türkiyə lideri əlavə edib ki, "İstanbulu və digər şəhərləri zəlzələyə davamlı hala gətirməkdən başqa yol yoxdur".
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində, Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş vermişdi. Bu təkanlar Suriya da daxil olmaqla Türkiyənin 11 vilayətində və qonşu ölkələrdə hiss olunmuşdu. Son rəsmi məlumatlara görə, həmin fəlakət nəticəsində 53 mindən çox insan həlak olub.